AZ EN RU

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev və rəhbərlik etdiyi nümayəndə heyəti Avstriyanın ən prestijli kənd təsərrüfatı araşdırma mərkəzində olublar

Elbrus İsayev və NDU-nun nümayəndə heyəti Avstriyaya səfəri zamanı paytaxt Vyanada Azərbaycan Səfirliyinin binasında ümummilli lider Heydər Əliyevin büstünün açılış mərasimində iştirak edib. Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli ilə görüşən rektor səmimi qəbul və əməkdaşlığa verdiyi dəyər üçün minnətdarlıq edərək, səfirə hədiyə təqdim edib.

Eyni zamanda Elbrus İsayev Motsart Konsert Sarayında Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Vyana Orkestrinin konsertində də iştirak edib.

Sonra heyət Avstriyanın ən qabaqcıl təhsil və araşdırma mərkəzlərindən olan Avstriya Federal Tədqiqatlar Mərkəzi  Raumber-Gumpensteində mövcud olan tədris və araşdırma mərkəzlərini, açıq hava laboratoriyalarını gəzib,  mərkəzin fəaliyyəti haqqında məlumatlandırılıblar. Qeyd edilib ki, 76 ildir fəaliyyət göstərən mərkəz dünyada kənd təsərrüfatı sahəsində elmi tədqiqat və praktikanı özündə birləşdirən bənzərsiz institutlardan biridir. Hal-hazırda mərkəzdə kənd təsərrüfatı sahəsində innovasiyalarla bağlı 97 araşdırma layihəsi və Avropa Birliyinin maliyyələşdirdiyi 11 layihə icra edilir.

Rektor və rəhbərlik etdiyi heyət tədqiqat mərkəzinin mineral və üzvi gübrələrin yem bitkilərinin böyümə və inkişafına təsirini öyrənən təcrübə sahələri ilə tanış olublar. Bundan başqa, quraqlığın, temperatur və CO2 qazının artmasının bitkilərin inkişafına təsirini öyrənən açıq laboratoriyalarda müşahidələrin aparılması prosesi izlənilib. Əlavə olaraq, nümayəndə heyəti tədqiqat mərkəzinin heyvandarlıq bölməsində olub, heyvanların müayinəsi və müalicəsi, yem rasionunun müəyyənləşdirilməsi prosesləri ilə tanış olub.

Görüşün yekununda universitetin rektoru Elbrus İsayev və mərkəzin direktoru Johann Gasteiner birgə əməkdaşlıq məsələləri barədə danışıblar. Kənd təsərrüfatı sahəsində ən nüfuzlu elm adamlarının cəmləşdiyi Raumberg-Gumpenstein təhsil və araşdırma mərkəzi ilə qarşılıqlı əməkdaşlıq məsələləri haqqında müzakirələr aparılıb, gələcək əməkdaşlıq məsələləri barədə razılığa gəlinib. Aparılan müzakirələrdə qida təhlükəsizliyi və biotexnologiya sahəsində tərəfdaşlıq, yabanı florada geniş yayılmış faydalı bitki növlərinin qarşılıqlı, identifikasiyası və onlardan səmərəli istifadəsi üzrə elmi layihələrin həyata keçirilməsi, heyvanlarda virus xəstəliklərinin aşkarlanmasında istifadə olunan yeni texnoloji avadanlıq və üsulları NDU-da tətbiq etmək, eləcə də elmi-tədqiqat işlərinin aparılması üçün mərkəzin tədqiqatçılarının Naxçıvana dəvət edilməsi, avstriyalı mütəxəssislərlə elmi layihələrdə iştirak və birgə məqalələrin nəşrinə nail olmaq və NDU-nun tələbələri üçün mühazirələrin təşkil edilməsi məsələləri öz əksini tapıb.  

Bitkiçilik və torpaqşünaslıq, Heyvandarlıq, Ətraf Mühit və Heyvandarlığı idarə edilməsinin texnika və metodologiyası, Orqanik kənd təsərrüfatı və kənd təsərrüfatı heyvanlarının biomüxtəlifliyi elmi tədqiqat mərkəzlərində olan NDU-nun nümayəndə heyəti heyvandarlıq, əkinçilik, iqlim dəyişikliyi ilə bağlı elmi tədqiqatların aparılması, ətraf mühitin mühafizəsi ilə bağlı smart kənd təsərrüfatı layihələrinin idarə olunması sahəsində gələcək əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Səadət ƏLİYEVA

Naxçıvan Dövlət Universitetinin Televiziya,

mətbuat və ictimaiyyətlə əlaqələr

bölməsinin müdiri

Nəşr edilib : 18.05.2023 18:00