AZ EN RU

Naxçıvan Dövlət Universitetinin professoru, pedaqoji elmlər doktoru Zərövşən Babayevanın yeni tədris ilində 3 kitabı işıq üzü görüb

Naxçıvan Dövlət Universitetinin professoru, pedaqoji elmlər doktoru Zərövşən Babayevanın “Biologiyanın tədrisi metodikası”, “Biologiyanın tədrisində yeni təlim texnologiyalarından istifadə”, “STEAM-XXI əsrin təhsili” kitablarının təqdimatı keçirilib.

Tədbirdə çıxış edən universitetin rektoru Elbrus İsayev müəllifin elmi-pedaqoji yaradıcılığını yüksək qiymətləndirib. Bildirilib ki, Zərövşən Babayeva öz üzərində hər zaman işləyən dəyərli müəllimlərimizdəndir. Rektor qeyd edib ki, universitetin elmi mühiti, eyni zamanda biologiyanın tədrisi istiqamətində öz sanbalı ilə seçilən kitablar elmiliyi və dəyəri ilə təqdirəlayiqdir. 

Təqdimatda Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin dekanı, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Bəhruz Məmmədov, NDU Elmi Kitabxanasının direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Məmmədova, biologiya üzrə fəlsəfə doktoru, dosent Fəridə Səfərova, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Taleh Xəlilov çıxış ediblər.

Çıxış edənlər müəllifin gərgin əməyi nəticəsində ərsəyə gələn hər üç kitab haqqında öz fikirlərini səsləndiriblər. Çıxışlarda bildirilib ki, “Biologiyanın tədrisi metodikası” kitabı ali məktəblərin pedaqoji profilli biologiya müəllimliyi ixtisası üzrə bakalavr və magistr dərəcəsi üçün dərslik kimi nəzərdə tutulub. Kitabda biologiyanın tədrisi metodikası fənninin səmərəli təşkili üçün istifadə olunan metodlar, üsullar, yeni texnologiyaların tətbiqi, müasir təlimlərdən interaktiv və konstruktiv təlimin prinsipləri ətraflı verilib. Dərslik ali və orta ümumtəhsil məktəbi müəllimləri üçün zəngin material, yol göstəricisi, biologiya və yaxın təbiət elmlərində təhsil alan tələbələr üçün tədris materialı kimi hazırlanıb. Həmçinin dərslik müasir təhsil standartları, müasir dərs modellərini, təlim metodları, üsullarını öyrənmək istəyən gənc tədqiqatçılar üçün də zəngin mənbədir. Dərslik ali və orta məktəblərdə biologiyanın tədrisi sahəsində  müasir metod və vasitələrin, İKT-dən istifadə imkanlarını özündə əks etdirməsi ilə əhəmiyyət kəsb edir.

“STEAM-XXI əsrin təhsili” adlı dərs vəsaitində isə STEAM tədris metodunun mahiyyəti, tədrisdə tətbiqi zərurəti, qar­şı­da duran vəzifələr, həlli vacib problemlər, STEAM üzrə dünya təcrübəsi, STEAM metodu ilə keçirilən dərs, praktik iş nümunələri verilib. 

Kitabda ali və orta məktəblərdə STEAM metodu ilə biliklərin öyrədil­mə­si­nin metod, üsul və vasitələrindən səmərəli istifadə imkanları, qiymətləndirmə meyar­ları verilib. Dərs vəsaitində hazırkı dövrdə interaktiv, konstruktiv təlim əsasın­da dərslərin fənlərarası əlaqə ilə təşkili zamanı İKT və müxtəlif təlim texno­lo­gi­ya­la­­rın­dan, müxtəlif metodlardan yerində və düzgün istifadə yollarından bəhs edilib. Həmçinin kitabda təbiət fənlərində fənlərarası əlaqə imkanları ilə yanaşı, elmi dünya­görüşün mahiyyəti, formalaşdırılması, layihə əsaslı STEAM metodu ilə fənlərarası inteqrasiyanın perspektivləri göstərilib.

“Biologiyanın tədrisində yeni təlim texnologiyalarından istifadə”adlı monoqrafiyada Biologiyanın tədrisində istifadəsi vaxtilə aktuallıq qazanmış, hazırda isə zərurətə çevrilmiş YTT, İKT, yeni pedaqoji texnologiyalar, müasir təlimlər, metod və üsullara həsr olunmuş ilk əsaslı elmi-tədqiqat işidir. Əsərdə mövzu ilə bağlı elmi-metodik ədəbiyyat təhlil edilib, yeni təlim texnologiyaları və onların mahiyyəti, tədrisdə tətbiqi imkanları, ali və orta məktəblərdə təhsilin informasiyalaşdırılmasının səviyyəsi araşdırılıb, YTT-nin biologiyanın tədrisinə gətirdiyi üstünlüklər və qarşıda duran vəzifələr dəqiqləşdirilib, maddi-texniki bazanın pedaqoji prosesdə rolu, multimedialı təqdimatlarda cədvəl və sxemlərdən istifadənin mənimsəməyə təsiri, formatı müəyyənləşdirilib. Monoqrafiya müvafiq ali məktəblərin müəllim və tələbələri, orta məktəb müəllimləri, gənc tədqiqatçılar, pedaqoji sahədə çalışan rəhbər işçilər, həmçinin digər mütəxəssislər üçün nəzərdə tutulmuş, dəyərli mənbə, dərs vəsaitidir.

Sonda müəllif hər üç kitabının təqdimatının təşkil edilməsində göstərilən dəstəyə görə öz minnətdarlığını ifadə edib.

Səadət ƏLİYEVA

 NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr

bölməsinin müdiri

Nəşr edilib : 13.10.2023 17:58