AZ EN RU

Naxçıvan Dövlət Universitetinin nümayəndə heyəti Barselonada səfərdədir

25 sentyabr 2023-cü il tarixində Mingəçevir Dövlət Universitetinin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) mövzusunda Erasmus+ layihəsi çərçivəsində növbəti təlimlərə İspaniyanın Kataloniya Politexnik Universitetində başlanılıb. 25-29 sentyabr tarixlərini əhatə edən işgüzar səfərdə layihə konsorsiumunun üzvü olan 11 Azərbaycan universitetinin rektorları, prorektorları, inzibati və akademik heyətindindən 25 nəfərlik nümayəndə heyəti iştirak edirlər.

Avropanın aparıcı texniki universitetlərindən biri olan Kataloniya Politexnik Universiteti - BarcelonaTech (UPC) mühəndislik, memarlıq, elm və texnologiya sahələri üzrə dövlət tədqiqat və ali təhsil müəssisəsidir. Hər il 6000-dən çox bakalavr və magistr tələbəsi, 231-dən çox doktorant, həmçinin 3591 nəfər ömürboyu təhsil üzrə məzun olur. Universitetdə məzunların məşğulluq səviyyəsi də olduqca yüksəkdir. Universitet 2000-dən çox şirkətlə yaxından əməkdaşlıq edir. Kataloniya Politexnik Universiteti əsas beynəlxalq reytinqlərdə də yer almaqdadır. Universitetin tədqiqat və inkişaf gəlirləri 72 milyon avro təşkil edir. Təsadüfi deyil ki, son bir ildə universitet tərəfindən 19 patent əldə edilib və 13 texnologiya əsaslı şirkət yaradılıb. Bununla yanaşı Universitet bugünə qədər 99 elmi və texniki mükafatlarla təltif edilib. 

Layihənin  sahə üzrə ən güclü tərəfdaşlarından olan Kataloniya Politexnik Universiteti 1 həftəlik təlim proqramı çərçivəsində innovasiyaların idarə edilməsi və sahibkarlıq fəaliyyətləri üzrə öz təcrübəsinin paylaşacaqdır. Təlim əsasən İnnovasiyaların idarəedilməsi, akademik sahibkarlığa institusional dəstək mexanizmi, sahibkarlığın universitet strategiyasına inteqrasiya edilməsi və digər mühüm mövzuları əhatə edir. Eyni zamanda sahibkarlarla görüş və müzakirələr də nəzərdə tutulur.

Qeyd edək ki, sözügedən layihənin əsas məqsədi Azərbaycan ali təhsil sistemində sahibkarlıq ekosisteminin gücləndirilməsindən, akademik heyətin, eləcə də təhsilalanların sahibkarlıq düşüncəsi və innovativ ideyalarının inkişaf etdirilməsindən ibarətdir.

Nəşr edilib : 28.09.2023 11:08