AZ EN RU

Naxçıvan Dövlət Universitetinin NSUTECH komandası “Robotex Türkiyə 2023” festivalında I yerə layiq görülüb

    Dünyanın ən böyük robototexnika festivalı və Estoniyanın Türkiyədə keçirilən illik möhtəşəm tədbiri olan Robotex turnirləri bu il Türkiyənin Antalya şəhərində keçirilib.
    Azərbaycanı Naxçıvan Dövlət Universitetindən göndərilən və tərkibində Memarlıq və mühəndislik fakültəsi Meliorasiya və Ekologiya kafedrasının müəllimi Hüseyn İmanov, Ekologiya mühəndisliyi ixtisası üzrə II kurs tələbəsi Abdulla Kərimli, Marketinq ixtisası üzrə III kurs tələbəsi Elsun Cəfərli, Əczaçılıq ixtisası üzrə III kurs tələbəsi İslam İsmayılov və Tibb ixtisası üzrə II kurs tələbəsi Əli Ələkbərlinin olduğu 5 nəfərdən ibarət “NSUTECH” komandası təmsil edib və “Sahibkarlıq mübarizəsi-Universitet” kateqoriyası üzrə 1-ci yeri tutaraq “Sağlamlıq elmləri və texnologiyaları” və “Proqram texnologiyası” mükafatına layiq görülüb.
    Qeyd edək ki, dünyanın ən böyük robototexnika festivalında 35 min iştirakçı hazırladıqları 1750 robotla müxtəlif yarışlar üçün robotlar yaratmaq və qabaqcıl yenilikləri öyrənmək üçün bir araya gəlib.
    “Robotex Türkiyə 2023” sezonunda, bir neçə ölkənin, o cümlədən Azərbaycan,Türkiyə, Estoniya, İran və digər ölkələrin komandalarının iştirak etdiyi, 3 ayrı bölgədə bütün kateqoriyalar üzrə zorluq, texniki səviyyə, yaşdan asılı olmayaraq, hamının iştirakına açıq olan və “Başlanğıc”, “Orta səviyyə”, “Qabaqcıl”, “Qızlar kateqoriyası“, “Sahibkarlıq mübarizəsi”, “Dron”, “Su yarışı” kateqoriyalarına bölünən turnirlərdə uğur qazanan komandalar Türkiyə Çempionatına dəvət alıb. 
    Naxçıvan Dövlət Universitetinin göndərdiyi komanda mühəndislər, menecerlər və onların ailələri sənaye liderlərindən ilham almaq, yeni sahibkarları müşahidə etmək, müxtəlif yarışlar üçün robotlar yaratmaq və qabaqcıl yenilikləri öyrənmək üçün bir araya gələrək birinciliyi qazanıb və Estoniyada nəinki universitetimizi, hətta bütün Azərbaycanı təmsil etmək şansı qazanıb.

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və 
ictimaiyyətlə əlaqələr bölməsi

Nəşr edilib : 30.04.2023 11:00