AZ EN RU

Naxçıvan Dövlət Universitetinin müəllimi STEAM müəllimlərinin III beynəlxalq konfransında iştirak edib

    Naxçıvan Dövlət Universiteti Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin dosenti Zərövşən Babayeva Türkiyənin İstanbul şəhərində İbn Haldun Universitetində STEAM müəllimlərinin III Beynəlxalq Konfransında iştirak edib. “XXI əsr STEAM müəllimlərindən gözlənilənlər” mövzusu ilə çıxış edən Zərövşən Babayeva universitetin Biologiya müəllimliyi ixtisası tələbələrinin hazırladıqları ağıllı əyani vəsaitlər və digər mövzularda ərsəyə gətirdikləri işlər haqqında məlumat verib. Təqdim edilən vəsaitlər konfrans iştirakçılarının xüsusi marağına səbəb olub. 
    Konfransda dünyanın müxtəlif ölkələrindən fərqli mövzularla çıxış edən fənn və mühəndislik sahəsindən olan mütəxəssislər maraqlı təqdimatlar, praktik çalışmalar və workşoplarla  yaddaqalan işlər nümayiş etdiriblər. 
   Təqdimatlar içərisində təbiət elmlərinə həsr olunmuş işlər daha çox maraq doğurub. Həmçinin konfransda Bakı, Gəncə, Sumqayıt, Masallı və digər bölgələrdən orta məktəb müəllimləri, şagirdlər, müxtəlif təlimçilər də iştirak ediblər.
    Məlumat üçün bildirək ki, Naxçıvan Dövlət Universitetinin dosenti Zərövşən Babayevanın yenicə çapdan çıxmış “XXI əsr bacarıqları – STEAM təhsil metodu” adlı dərs vəsaiti də konfransda  müzakirəyə qoyularaq yüksək qiymətləndirilib.

Naxçıvan Dövlət Universitetinin Televiziya,
 mətbuat və ictimaiyyətlə əlaqələr bölməsi

Nəşr edilib : 14.07.2022 19:30