AZ EN RU

Naxçıvan Dövlət Universitetinin hazırladığı “O olmasın, bu olsun” musiqili komediyasında uğurlu çıxış edənlər mükafatlandırılıb

Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsinin Opera studiyasının hazırladığı Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” 4 pərdəli musiqili komediyasının yaradıcı heyəti və iştirakçılarına uğurlu iştiraka görə sertifikatlar təqdim olunub.

Tədbirdə çıxış edən ali təhsil ocağının rektoru Elbrus İsayev Naxçıvan Muxtar Respublikasının yaranmasının 100-cü ildönümü münasibətilə təqdim olunan tamaşanın uğurlu çıxışını yüksək qiymətləndirib. Qeyd olunub ki, İncəsənət fakültəsinin daim yaradıcı fikirlərlə ölkə miqaysında çıxışları burada yetişən tələbələr üçün böyük şansdır. Diqqətə çatdırılıb ki, universitetin xarici əlaqələrinin genişləndirilməsi hesabına fakültənin imkanları daha da artırılaraq 2024-2025-ci tədris ili üçün qarşıya yeni hədəflər qoyulub. Muxtar Respublikanın mədəniyyət müəssisələrində öz imzaları ilə seçilən NDU-nun müəllim və tələbələrinin bundan sonra da uğurlu çıxışlarının olacağına əminlik ifadə olunub. Rektor tamaşada iştirak edən heyəti təbrik edib bundan sonrakı işlərində müvəffəqiyyət arzulayıb. 

Tamaşanın bədii rəhbəri, quruluşçu rejissoru, Azərbaycan Respublikasının əməkdar artist Mübariz Əsgərov və tamaşanın dirijoru, Azərbaycan Respublikasının xalq artisti, professor Çingiz Axundov qısa müddətdə ərsəyə gələn səhnə işinin hazırlıq mərhələsindən danışıblar. Bu kimi təşəbbüslərin müəllim və tələbələrin özünü inkişaf etdirməsində mühüm rol oynadığını söyləyən çıxış edənlər yaradılan şəraitə görə minnətdarlıq ediblər.

Qeyd edək ki, Naxçıvan Dövlət Universitetinin Konservatoriyası və Musiqi Kollecinin müəllim və tələbələri tərəfindən səhnələşdirilən tamaşanın quruluşçu rəssamı Əməkdar rəssam Cavid İsmayılovdur. Ümumilikdə 42 müəllim və tələbənin iştirak etdiyi tamaşada aktyorları universitetin simfonik orkestri müşayiət edib.

Sonda səhnə əsərinin yaradıcı heyəti və iştirakçılarına uğurlu çıxışa görə sertifikatlar təqdim olunub. 

Fəxriyyə Səyyadova- NDU, Media və ictimaiyyətlə əlaqələr bölməsinin əməkdaşı

Nəşr edilib : 19.07.2024 23:30