AZ EN RU

Naxçıvan Dövlət Universitetinin “Enactus” komandası Dünya Kuboku uğrunda mübarizəyə qatılıb

Dünyanın davamlı inkişafı üçün yeni nəsil təşəbbüskarların, biznes liderlərinin cəlb edilməsinə həsr olunmuş ən böyük beynəlxalq təşkilat olan “Enactus” Dünya Kuboku keçiriləcək.

Naxçıvan Dövlət Universitetinin “Enactus” komandasından  verilən məlumata görə, “Enactus” Dünya Kuboku gələcək liderləri sahibkarlıq, innovasiya və iş prinsiplərinə cəlb etmək üçün 34 ölkənin 1700 şəhərində 72 mindən çox tələbəni özündə cəmləşdirir. Layihənin prioritet istiqaməti sosial sahibkarlıq bacarıqlarının inkişaf edilməsinə yönəlib. Bu məqsədlə “Enactus” platformasının növbəti Dünya Kuboku oktyabrın 16-dan 22-dək Niderland Krallığının Utrext şəhərində keçirilir.

Dünya Kuboku uğrunda gedəcək mübarizədə müxtəlif ölkələri təmsil edən gənclər sosial sahibkarlıq üzrə biznes layihələrini təqdim edəcəklər.

Sözügedən tədbirdə Azərbaycanı Naxçıvan Dövlət Universitetinin “Enactus” komandası təmsil edir.

Qeyd edilib ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondunun və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının həyata keçirdiyi “Enactus” proqramı dövlət gənclər siyasəti çərçivəsində gənclər arasında sosial əsaslı sahibkarlıq fəaliyyətinin təşviqində mühüm rol oynayır. Azərbaycan “Enactus” proqramına üzv olan yeganə Cənubi Qafqaz ölkəsidir.

Nəşr edilib : 17.10.2023 11:13