AZ EN RU

Naxçıvan Dövlət Universitetinin əməkdaşları Portuqaliyada bir həftəlik təlimlərdə iştirak edib

Naxçıvan Dövlət Universitetinin əməkdaşları-rektor məsləhətçisi Rəcəb Cəfərli və Elm və innovasiyalar şöbəsinin müdiri Elnarə Allahverdiyeva Portuqaliyanın Lissabon şəhərində bir həftəlik təlimlərdə iştirak edib. Mingəçevir Dövlət Universitetinin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) mövzusunda Erasmus+ layihəsi çərçivəsində növbəti təlim səfəri Portuqaliyanın Ali Texniki İnstitutunda öz işini yekunlaşdırıb. 23-27 oktyabr tarixlərini əhatə edən işgüzar səfərdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi, layihədə iştirak edən 11 Azərbaycan  ali təhsil müəssisəsinin rektorları, prorektorları, inzibati və akademik heyət üzvləri, eləcə də layihənin İsveç, Polşa, İspaniya, Estoniyadan olan xarici tərəfdaş universitetlərinin nümayəndə heyəti iştirak ediblər. Təlimlərin əsas məqsədi innovasiya və sahibkarlıq fəaliyyətləri və tədbirlərinin universitetdə tətbiqinə dair Portuqaliya ali təhsil müəssisələrinin qabaqcıl təcrübələrinin öyrənilməsi olub.

5 günlük təlim proqramına uyğun olaraq iştirakçılar texnologiya mərkəzləri, sosial innovasiya laboratoriyası, texnologiya əsaslı sahibkarlıq proqramları kimi mövzularda təqdimatlarla tanış olaraq və müzakirələr aparıb, o cümlədən  Lissabonda yerləşən bir sıra texnologiya laboratoriyaları və innovasiya mərkəzlərini ziyarət ediblər.

Təlimlərin yekununda isə layihənin cari vəziyyətinin təhlilinin aparılması və gələcək 6 ay üçün fəaliyyət planının qurulması, eləcə də layihə konsorsiumunun üzvü olan ali təhsil müəssisələrinin məsul şəxslərinin iştirakı ilə 5 gün müddətində keçirilən təlim və təqdimatlara əsasən komanda işlərinin təşkili və Portuqaliyalı partnyotlarla qarşılıqlı fikir mübadilələrinin aparılması nəzərdə tutulub.

Nəşr edilib : 27.10.2023 16:05