AZ EN RU

Naxçıvan Dövlət Universitetinin əməkdaşı Erasmus+ layihəsi çərçivəsində Polşada səfərdədir

Mingəçevir Dövlət Universitetinin (MDU) koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) adlı  Erasmus+ layihəsi çərçivəsində 11 Azərbaycan universitetinin müvafiq əməkdaşlarından ibarət nümayəndə heyəti Polşanın Bydqoş şəhərində işgüzar səfərdədir. 04-09 dekabr tarixlərini əhatə edən təlimlərə Polşanın sahibkar universitetlərindən biri olan Bydgoszcz İqtisadiyyat Universiteti (WSG) ev sahibliyi edir.

Naxçıvan Dövlət Universitetinin rektor müşaviri Rəcəb Cəfərli də layihə çərçivəsində Polşada səfərdədir.

Təlimlərdə layihə konsorsiumuna daxil olan Azərbaycan universitetlərinin prorektor, dekan, kafedra müdiri və digər inzibati və akademik heyət üzvləri iştirak edirlər. Təlimin əsas məqsədi  Ali Təhsil müəssisələrində sahibkarlıq təfəkkürünün və sahə üzrə fəaliyyətlərin inkişaf etdirilməsi, sahibkarlığın strategiya, kurikulum və tədqiqata inteqrasiyası və universitet-sənayə əməkdaşlığının gücləndirilməsidir.

Təlim proqramı, sahibkarlığın təhsil və tədqiqata inteqrasiyası mexanizmini əhatə edən və müxtəlif istiqamətlərə yönəlmiş müzakirələr, təqdimatlar və praktiki sessiyalarla zəngindir. İştirakçılar, sahəsində tanınmış mütəxəssislər tərəfindən aparılacaq sessiyalarda iştirak edərək mövzular üzrə dərin bilik və təcrübələr əldə edəcəklər.

Məlumat üçün bildirək ki, 36 ay müddətində reallaşdırılması nəzərdə tutulan ENGAGE layihəsinin əsas məqsədi Azərbaycan ali təhsil müəssisələrində sahibkarlıq ekosisteminin gücləndirilməsi, akademik heyətin və tələbələrin sahibkarlıq düşüncəsinin inkişaf etdirilməsi, universitetlərimizdə innovativ yanaşmanın təkmilləşdirilməsi, tədris prosesinin məzmununda praktiki komponentlərin artırılması, startap fəaliyyətlərinin və universitet – sənaye əməkdaşlığının genişləndirilməsidir.

Nəşr edilib : 07.12.2023 09:53