AZ EN RU

Naxçıvan Dövlət Universitetinin “Eco Tech” komandası ölkəmizdə ilk dəfə keçirilən ekoloji hakatonda II yerin sahibi olub

    Ali təhsil müəssisəsinin Memarlıq və mühəndislik fakültəsinin müəllimi Hüseyn İmanov, Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin Biologiya müəllimliyi ixtisası üzrə IV kurs tələbəsi Ülvi İsmayıllı, Tibb fakültəsinin Tibb ixtisası üzrə II kurs tələbəsi Əli Ələkbərli və İqtisadiyyat və idarəetmə fakültəsinin Marketinq ixtisası üzrə təhsil alan III kurs tələbəsi Elsun Cəfərovun iştirakı ilə “Eco Tech” komandası “Tullantısız dünya” proqramı çərçivəsində Azərbaycanda ilk dəfə tullantıların azaldılması üzrə “Recyclaton” hakatonunda iştirak edərək II yerə layiq görülüb.
    Qeyd edək ki, “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində baş tutan “Recyclaton” hakatonu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, “ASAN Könüllüləri” Təşkilatının və Coca-Cola Fondunun əməkdaşlığı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərəfdaşlığı ilə həyata keçirilən “Tullantısız dünya” layihəsi çərçivəsində ekoloji hakaton müsabiqəsi keçirilib.
    Nəzərinizə çatdıraq ki, hakatonun əsas məqsədi plastik tullantıların azaldılması istiqamətində innovativ təklif və həllər axtarışıdır. Bir aydır, davam edən hakatonda yüzlərlə gənc qatılıb və 197 ideyanı əhatə edən müraciətlərdə komandalar tullantıların azaldılması üçün süni intellektin, blokçeynin, kompleks sensorların iştirakı ilə həllərin hazırlanması, təkrar emal üçün yeni kimyəvi proseslərin tətbiqi, məlumatlandırma və təşviqat üçün mobil tətbiqlərin yaradılması istiqamətində təkliflər verib. Müraciətlər arasında ideyasının kreativliyi, orijinallığı, tətbiq­olunma imkanları ilə fərqlənən 60 komanda yarımfinalda iştirak hüququ qazanıb.
    Xatırladaq ki, 9 dekabr tarixdə keçirilən hakatonun ilkin mərhələsində 150 komanda yarışıb və 10 komanda final mərhələsində iştiraketmə hüququ qazanıb. Naxçıvan Dövlət Universiteti “Eco Tech” komandası da hakatonun final mərhələsində iştirak edib.
    10 dekabr 2022-ci il tarixdə “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində “Recyclaton” hakatonunun final mərhələsi keçirilib.
    Müsabiqədə iştirak edən komandalar öz ideya konseptlərini peşəkar münsiflər heyəti qarşısında təqdim edib. Dəyərləndirmə nəticəsində ən yaxşı prototip təklif edən komandalara nominasiyalar üzrə 6000 AZN (I yer), 4000 AZN (II yer) və 3000 AZN (III yer) dəyərində pul mükafatı təqdim olunub.

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və
 ictimaiyyətlə əlaqələr bölməsi

Nəşr edilib : 13.12.2022 19:45