AZ EN RU

Naxçıvan Dövlət Universitetinin dünya təhsilinə inteqrasiyası istiqamətində uğurlu addımlar atılır

    Naxçıvan Dövlət Universiteti ölkənin ən nüfuzlu, qabaqcıl təhsil ənənələrinə malik tədris ocaqlarındandır. Universitetin müasir inkişaf mərhələsi, fəaliyyət istiqamətləri, yeni infrastrukturun qurulması dövlətimizin bu sahəyə göstərdiyi diqqətin bariz nümunəsidir. Dövlətimiz tərəfindən göstərilən diqqət, düzgün təhsil strategiyası və inkişaf proqramının tətbiqi sayəsində ali təhsil ocağı ildən-ilə yeni-yeni uğurlara imza atıb, keyfiyyət göstəriciləri ilə ölkə universitetləri arasında ilk sıralarda öz yerini alır. Naxçıvan Dövlət Universiteti bu  gün həm də təhsil alan əcnəbi tələbələrin sayına görə də liderdir. Təsadüfi deyil ki, bu il Naxçıvan Dövlət Universiteti “Times Higher Education” versiyası əsasında aparılan beynəlxalq reytinq cədvəlində dünyanın ən yaxşı universitetləri siyahısında yer alıb. Şübhəsizdir ki, sadalanan bütün uğurlar ali təhsil müəssisəsinin daim inkişafda olduğunun sübutudur.

    Bu gün dünyada ölkələrarası iqtisadi-mədəni əməkdaşlığın genişləndirilməsi üçün ümumi kommunikasiya vasitəsi olan ingilis dilindən geniş istifadə edilir. Buna yaranan başlıca zərurət müasir dünya elm və təhsilinə inteqrasiya, texnologiyanın inkişafıdırsa, digər bir zərurət beynəlxalq diplomatik, biznes və turizm əlaqələrində bu dilin ortaq istifadə olunmasıdır. Müasir dövrün tələblərinə əsasən sahib olduğu ixtisasa görə hər bir mütəxəssis ona lazım olan səviyyədə ingilis dilini mənimsəməklə siyasət, iqtisadiyyat, menecment, beynəlxalq hüquq, beynəlxalq mühasibat, bank, sığorta, tibb, turizm, jurnalistika və digər sahələrdə sərbəst olaraq dünyaya çıxış imkanı qazanır. Odur ki, ingilis dilinə sahib olan mütəxəssis yetişdirilməsi bütün dünyada olduğu kimi, ölkəmizdə də zərurətə çevrilib. Təsadüfi deyil ki, magistratura və doktorantura pillələrində dərəcə ala bilmək üçün xarici dildən imtahan vermək mütləq mərhələ kimi qarşıya qoyulub. Naxçıvan Dövlət Universitetində ali təhsilin dünyaya inteqrasiyası istiqamətində qazanılan uğurların başlıca səbəblərindən biri kimi xarici dillərin tədrisinə dövlət qayğısını göstərmək olar. Bu baxımdan universitetin gələcək strateji hədəfləri kimi beynəlxalq rəqabətlilik layihələrində səmərəli iştirakı, ikili diplom məsələlərinin həlli, xarici dillərdə ixtisasların fəaliyyəti günün tələbidir. 2022-ci ildə Naxçıvan Dövlət Universitetində IELTS qeydiyyat və imtahan mərkəzinin fəaliyyətə başlaması bu sahədə atılan uğurlu addımlardandır desək, qətiyyən yanılmarıq.
    Azərbaycan ali təhsil məkanında ilk dəfə olaraq Naxçıvan Dövlət Universitetində yaradılan IELTS qeydiyyat və imtahan mərkəzinin məqsədi muxtar respublikada bu sahə üzrə ingilis dili bacarıqlarının qiymətləndirilməsi və namizədlərin beynəlxalq sertifikatla təmin olunmasıdır. Mərkəz universitetdə ingilis dilində ixtisasların sayının artmasına və qeyri-ixtisaslarda çalışan əməkdaşların ingilis dili bacarıqlarının qiymətləndirilməsinə öz töhfəsini verməkdədir.
    IELTS qeydiyyat və imtahan mərkəzinin koordinatoru, Beynəlxalq münasibətlər kafedrasının müəllimi Bayram Əliyevlə söhbətimiz zamanı bildirdi ki, IELTS ingilis dili biliyini akademik səviyyədə sınağa çəkən beynəlxalq testləşdirmə sistemidir və təqribən, dünyanın 121 ölkəsində təşkil olunur. İmtahan qlobal olaraq əksər rəsmi təşkilat və prestijli universitetlər tərəfindən qəbul edilir. Ali təhsil ocağının qlobal rəqabətliliyini artıran belə bir mərkəzin Naxçıvan Dövlət Universitetində yaradılması universitetdə ingilisdilli təhsilin inkişafında xüsusi önəmə malikdir.
    İmtahan qaydaları haqqında məlumat verən  Bayram Əliyev söyləyir ki, IELTS imtahanı dinləmə, oxuma, yazı və danışıq olmaqla, 4 bölmədən ibarətdir. IELTS  imtahanı  namizədi  Rəsmi  IELTS  İmtahan  Mərkəzinə dəvət edilir. İmtahan  yazılı  olmaq  şərti  ilə dinləmə (Listening), oxuma (Reading), yazma (Writing) bölmələri eyni gündə, danışma (Speaking) bölməsi isə fərqli gündə keçirilir. Bu tarix namizədə əvvəlcədən bildirilir və bir çox hallarda  danışıq imtahanı maksimum 1 həftə əvvəl və ya sonra keçirilir.
    Müsahibim, həmçinin onu da qeyd edir ki, mərkəz fəaliyyətə başladığı gündən bu günə qədər 150-dən artıq namizədin iştirakı ilə 7 imtahan keçirilib. Universitetin qlobal rəqabətliliyini artıran IELTS qeydiyyat və imtahan mərkəzi artıq universitetdə ingilisdilli təhsilin inkişafına öz töhfələrini verir. Ötən müddətdə 150-dən artıq müəllim və tələbənin IELTS sertifikatı ilə təmin olunması bunun bariz nümunəsidir.
    Mərkəzdə IELTS  imtahanına  hazırlıq  üçün kurs da fəaliyyət göstərir. Kursda IELTS imtahanlarında 7 baldan yuxarı nəticə əldə etmiş Zübeydə Zeynalova, Aytac Hüseynova, Gülnur Rzayeva kimi öz yetirmələrimiz olan müəllimlər yüksəkkeyfiyyətli dərslər keçir. Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat fakültəsinin dördüncü kurs tələbələrindən 5 nəfər imtahanlarda yüksək nəticə əldə edərək Avropanın muxtəlif ən prestijli universitetlərinə magistratura pilləsinə qəbul olunublar. Məlumat üçün qeyd edək ki, abituriyentlərdə IELTS imtahanında iştirak edə bilərlər. Hazırlıq kurslarında iştirak edən abituriyentlərdən Vəli Mustafasoy 8 bal toplayaraq ən yüksək nəticəni əldə edib. Şərur rayon Kürçülü kənd tam orta məktəbinin şagirdi Mikayıl Cəfərli və Şərur şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Yunis Ağayev də imtahanda yüksək nəticə əldə edərək Amerika Birləşmiş Ştatlarının məşhur universitetlərində təhsil almaq hüququ qazanıblar. Bundan əlavə, mərkəzdə müxtəlif vaxtlarda ödənişsiz maarifləndirici tədbirlər və danışıq klubları da  təşkil olunur. 
    Naxçıvan Dövlət Universitetində bu gün mövcud kadr potensialı, maddi-texniki bazanın verdiyi imkanlar bu sahədə uğurlu kadr hazırlığının tam mümkünlüyünü təmin edir. Universitetin qloballaşan dünyaya daha sürətli və keyfiyyətli şəkildə inteqrasiyası üçün atılan növbəti addımlardan biri də burada Amerika mərkəzli imtahan olan SAT (Scholastic Aptitude Test, yəni Akademik Qabiliyyət İmtahanı)-ın yaradılması təşəbbüsüdür.
    Naxçıvan Dövlət Universitetinin İngilis dili və tərcümə kafedrasının baş müəllimi Aidə Cəlilzadə mövzuyla bağlı söhbətimiz zamanı qeyd etdi ki, universitetdə yaradılması nəzərdə tutulan SAT mərkəzinin lisenziya alınması işləri artıq yekunlaşmaq üzrədir. SAT (Scholastic Assessment Test) Amerika Birləşmiş Ştatlarındakı qəbul prosesində tələb olunan standartlaşdırılmış imtahan testidir. Bu test ABŞ və Kanada universitetləri və kollecləri tərəfindən tələb edilən bir imtahan nəticəsidir və iki hissədən ibarətdir. Bu imtahan prosesi əvvəllər Amerikada təhsil almaq istəyən tələbələrin müraciət etdiyi imtahan olmasına baxmayaraq, son zamanlarda xaricdə bir çox universitetlərə qəbul zamanı da tələb olunur. Məlumat üçün qeyd edək ki, SAT universitetə qəbul müraciətləri zamanı istifadə edilən bir sınaqdır. Test, riyaziyyat və oxuma, yazma (Reading and Writing) bacarıqları olmaqla iki hissədən ibarətdir. Bu test tələbələrin ümumi bacarıqlarını ölçmək üçün hazırlanmışdır. 
    Müsahibim söyləyir ki, SAT mərkəzinin universitetdə yaradılması IELTS qeydiyyat və imtahan mərkəzində olduğu kimi, xaricdə təhsil almaq istəyən vətəndaşlarımıza vaxt itirmədən tam şəffaf şəraitdə imtahan verərək məqsədlərinə çatmalarını daha asan və əlçatan edəcək. Burada imtahanlara hazırlıq kursu da təşkil olunacaq. Buna görə də artıq kursda fəaliyyət göstərəcək ixtisaslı müəllimlərin seçilməsi, heyətin qurulması işi yekunlaşmaq üzrədir. Onu da qeyd edək ki, həmin müəllimlərin  peşəkarlığının daha da artırılması məqsədilə müxtəlif təlimlərə də göndəriləcəkdir. Əminliklə qeyd edə bilərik ki, yaradılacaq mərkəz universitetdə xarici dil biliyi olan kadrların hazırlanması işinə öz layiqli töhfəsini verəcək.
    Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təhsil sahəsində müəyyən etmiş olduğu strategiya Naxçıvan Dövlət Universitetinin tədris proseslərində özünün əhatəliliyi ilə reallaşmaqdadır. Ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda qeyd olunan Naxçıvan Dövlət Universitetinin nəzdində ingilisdilli orta məktəb yaradılması öhdəliyi də muxtar respublika ictimaiyyəti, Naxçıvan Dövlət Universitetinin kollektivi tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır və eyni zamanda mühüm vəzifələr irəli sürür. Şübhəsiz ki, müvafiq Sərəncam təhsil, təlim-tərbiyə işinin daha da yaxşılaşmasına, ingilisdilli peşəkar kadrların hazırlanması işinə müsbət təsir göstərəcək.  
    Mübaliğəsiz qeyd etmək olar ki, bu gün Naxçıvan Dövlət Universitetinin dünya təhsilinə keyfiyyətli inteqrasiyası üçün görülən işlər uzunmüddətli hədəflərin reallaşması və təhsilin daha da inkişafı üçün gələcəyə hesablanmış uğurlu addımlardır.

Pərviz Hacılı
Naxçıvan Dövlət Universitetinin 
Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin əməkdaşı

Nəşr edilib : 19.06.2023 17:54