AZ EN RU

Naxçıvan Dövlət Universitetinin dayanıqlı inkişaf üzrə mütəxəssisi ENGAGE layihəsi çərçivəsində İsveçdə keçirilən təlimlərdə iştirak edib

Mingəçevir Dövlət Universitetinin koordinatoru olduğu, Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) adlı Erasmus+ layihəsinin ali təhsil müəssisələrində intitusional səviyyədə davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi məqsədi daşıyan 4-cü iş paketinin icrasına başlanılıb. İş paketi çərçivəsində sahibkarlığın inkişaf etdirilməsinə dair faəliyyətlərin ali təhsil müəssisələrinin inkişaf strategiyalarına inteqrasiyası, sahə üzrə akademik kadrların təlimi, sahibkarlığın seçmə fənn olaraq ixtisas profilindən asılı olmadan bütün ixtisaslarda tədrisi məsələlərinin təşkili, sahibkarlığın konsepsiyası, sahibkarlığın maliyyələşdirilməsi və sosial sahibkarlıq kimi mövzular üzrə 4 regionda (Bakı, Gəncə, Naxçıvan və Mingəçevir) təlimlər təşkil olunacaq. Həmçinin, qadın sahibkarlığının gücləndirilməsi üçün xüsusi təlimlərin təşkil edilməsi və bu təlimlərə ən azı 500 tələbənin cəlb olunması nəzərdə tutulur.

Qeyd edək ki, səfər zamanı İsveçin Kral Texnologiya Universitetində 4-cü fəaliyyət planı çərçivəsində tərəfdaş universitetlərin sahibkarlıq üzrə professor-müəllim heyəti üçün  “Ali təhsilin inkişaf etdirilməsi” adlı təlim keçirilib.

Naxçıvan Dövlət Universitetinin Strateji inkişaf və keyfiyyət təminatı bölməsinin dayanıqlı inkişaf üzrə mütəxəssisi Sənan Əhmədovun da qatıldığı işgüzar səfərdə layihə konsorsiumunun üzvü olan 11 Azərbaycan ali təhsil müəssisəsinin nümayəndələri iştirak edib. 5 günlük təlim proqramı çərçivəsində iştirakçılar təşkilati inkişafın gücləndirilməsində həm təşkilati, həm də fənn səviyyəsində təhsilin keyfiyyətinin artırılması strategiyaları, təhsil keyfiyyətini yüksəltmək üçün səmərəli keyfiyyət təminatı proseslərinin həyata keçirilməsi, akademik heyətin təcrübələrini və tədris bacarıqlarını inkişaf etdirmək üçün təlim və dəstək xidmətlərinin vacibliyi, davamlı inkişaf məqsədlərinin və sahibkarlıq bacarıqlarının təhsilə inteqrasiyası, problem əsaslı öyrənmə imkanlarını artırmaq və təhsil xidmətlərini daha əlçatan etmək məqsədilə rəqəmsal texnologiyalardan istifadə, tələbələrin peşə bacarıqlarının inkişaf etdirilməsi üçün səmərəli və effektiv tədris təcrübələrindən istifadə etməklə təlim nəticələrinin təkmilləşdirilməsi metodlarının araşdırılması kimi mühüm mövzularda təqdimatlarla tanış olub, müzakirələr aparıblar.

Proqrama uyğun olaraq təlimlərin yekununda iştirakçılar KTH Universiteti tərəfindən sertifikatlarla təltif olunublar.

Nəşr edilib : 04.06.2024 10:45