AZ EN RU

Naxçıvan Dövlət Universitetinin Beynəlxalq məktəbində 28 May-Müstəqillik Günü qeyd edilib

Tədbirdə Ulu  Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası tərəfindən İstiqlal Bəyannaməsi imzalanmaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan olunduğunu qeyd edib, bu hadisənin Azərbaycan dövlətçiliyi tarixində şanlı səhifə olduğunu vurğulayıb. Qeyd olunub ki, Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 23 aylıq qısa müddət ərzində bir çox mühüm nailiyyətlərə imza atılıb, Azərbaycanın ilk parlamenti və hökuməti yaradılıb, dövlət atributları təsis olunub, dövlət sərhədləri müəyyənləşdirilib. Rektor ölkəmizin 1991-ci ildə müstəqilliyini bərpa etdiyini, bununla belə, müstəqilliyin ilk illərində bir çox çətinliklərlə üzləşdiyini bildirib. Məhz xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliyi və müdrik siyasəti sayəsində Azərbaycanın dayanıqlı inkişafının təmin olunduğu vurğulanıb. Azərbaycan Xalq Cümhuriyyəti Türk və İslam dünyasında ilk parlamentli respublika, ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsidir: ”Bu şanlı tarix Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2021-ci il 15 oktyabr tarixində təsdiq etdiyi “Müstəqillik Günü haqqında” Qanunla Müstəqillik Günü kimi qəbul edilib. Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı Prezident İlham Əliyevin atdığı addımları da xatırladıb: “2018-ci ildə Prezident İlham Əliyev tərəfindən "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" Sərəncam imzalanıb və bu tarixi hadisə münasibətilə 2019-cu il "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan olunaraq ölkədə və onun hüdudlarından kənarda silsilə tədbirlər keçirilib. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə demokratik, hüquqi, dünyəvi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesi müvəffəqiyyətlə davam etdirilir, respublikamızda siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı inkişaf edir. Müstəqil, qüdrətli, ərazi bütövlüyünü təmin etmiş Azərbaycanın həyatında yeni səhifələr açılır”.

Tarix üzrə fəlsəfə doktoru Zamin Əliyevin “28 May-Müstəqillik Günü Azərbaycan tarixinin şanlı səhifəsidir” mövzusunda çıxışı dinlənilib.

Əlamətdar tarixi gün ilə bağlı məktəbin  IX sinif şagirdi Hüseyn Tahirovun video-slaydı nümayiş olunub.

Məktəbin VIII sinif şagirdi Ayxan İsayev “28 May-Müstəqillik Günü: Tarix və qürur” mövzusunda çıxış edib.

Tədbir universitetin İncəsənət fakültəsi tələbələrinin və Beynəlxalq məktəbin şagirdlərinin hazırladığı bədii hissə ilə davam edib. Tədbirdə şagirdlər şeirləri bədii qiraət edib, mahnılar səsləndirib, səhnəciklər göstəriblər.

Nəşr edilib : 27.05.2024 20:01