AZ EN RU

Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektoru vəzifəsinə yeni təyinat olub

    Aidə Cəlilzadə Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektoru vəzifəsinə təyin edilib. Bununla bağlı Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Qeyd edək ki, Cəlilzadə Aidə Məhəmməd qızı 1987-ci ildə Naxçıvan Muxtar Respublikası Babək rayonunun Babək qəsəbəsində anadan olmuşdur. 1993-cü ildə Babək şəhər tam orta məktəbinin birinci sinfinə qəbul olmuş, 2004-cü ildə əla qiymətlərlə həmin məktəbin məzunu olmuşdur. 
    Aidə Cəlilzadə 2004-2005-ci illərdə FLEX (Gələcək Liderlər Mübadiləsi) proqramı çərçivəsində Amerika Birləşmiş Ştatlarında təhsil almışdır. Təhsil müddətini tamamladığı və Ohio Proficiency Test adlı dövlət imtahanından uğurla keçdiyi üçün ABŞ-ın qanuni diplomunu almağa haqq qazanmış, medal və sertifikatlarla təltif olunmuşdur.  2004-2009-cu illərdə Naxçıvan Dövlət Universitetinin İngilis dili ixtisası üzrə tələbəsi olmuş, universiteti əla qiymətlərlə bitirmişdir. 2006-cı ildə ali məktəb tələbələrinin XI Respublika fənn olimpiadasında ingilis dili üzrə I yerin qalibi olmuş və Azərbaycan Respublikası Təhsil Nazirliyinin diplomu ilə təltif olunmuşdur. 2006-2009-cu illərdə Naxçıvan Dövlət Universitetinin Tələbə-Elmi Cəmiyyətinin sədri olmuşdur. 2009-2012-ci illərdə Naxçıvan Dövlət Universitetinin Pedaqogika nəzəriyyəsi və tarixi ixtisası üzrə magistr təhsili almış və əla qiymətlərlə məzun olmuşdur. 2009-2011-ci illərdə Naxçıvan Dövlət Universiteti Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində akademik məsləhətçi vəzifəsində çalışmışdır. 2012-2020-ci illərdə Naxçıvan şəhər 4 saylı Seçki Dairəsinin üzvü olmuşdur. 2011-ci ildən Naxçıvan Dövlət Universitetinin İngilis dili və tərcümə kafedrasının müəllimi, 2020-ci ildən baş müəllimidir. 
    Aidə Cəlilzadə bir sıra regional, respublika və beynəlxalq konfranslarda iştirak etmiş, beynəlxalq layihə və təlimlərin, ixtisasartırma və onlayn kursların iştirakçısı olmuş və nailiyyətlərinə görə sertifikatlara layiq görülmüşdür. “Gəmiqaya qayaüstü rəsmləri” kitabını Azərbaycan dilindən ingilis dilinə tərcümə etmişdir. 2022-ci ildə IELTS imtahanında iştirak etmiş və 7.0 (danışıq 8.0) bal toplamışdır. 2020-ci ildən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin VI çağırış deputatı, 2021-ci ildən Avropa Şurası Yerli və Regional hakimiyyətlər Konqresinə Azərbaycan nümayəndə heyətinin üzvü, Naxçıvan Dövlət Universiteti SAT imtahan mərkəzinin koordinatorudur. 

Naxçıvan Dövlət Universitetinin 
Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsi

Nəşr edilib : 07.07.2023 19:30