AZ EN RU

Naxçıvan Dövlət Universitetinin 56 illik tarixinə unudulmaz imzasını atan ən möhtəşəm Məzun günü keçirilib

    Naxçıvan şəhərində, “Saat Meydanı” turistik istirahət kompleksində keçirilən Naxçıvan Dövlət Universitetinin Məzun günü Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Universitetin nəfəsli alətlər orkestrinin musiqi sədaları altında məzun keçidi olub. 
    Tədbirdə ali təhsil ocağının son illərdə qazandığı uğurlar iştirakçıların diqqətinə çatdırdılıb, sonra universitetin Media mərkəzinin hazırladığı “Heydər Əliyev və Naxçıvan Dövlət Universiteti” adlı videoçarx nümayiş olunub.
    2022-2023-cü tədris ilinin yekununda 1500 tələbənin məzun olduğunu deyən universitetin rektoru, dosent Elbrus İsayev təbrik çıxışı zamanı qeyd edib ki, tələbəlik illəri insan həyatında ən önəmli dövrü təşkil edir. Universitetin də məqsədi məhz intellektual, bacarıqlı, vətənpərvər gənclər yetişdirməkdir. 
    Rektor diqqətə çatdırıb ki, bu ildən etibarən Naxçıvan Dövlət Universitetinin buraxılış imtahanlarında dövlət qurumlarının rəhbər heyətinin də iştirakı təmin olunub ki, bu da yüksək göstəricilərlə məzun olan tələbələrin iş imkanlarına öz töhfəsini verəcək. Elbrus İsayev məzun adını qazanan bütün tələbələri təbrik edərək onlara  gələcək həyatlarında uğurlar arzulayıb.
   Sonra tələbələrin hazırladığı, çətin fəndlərin ustalıqla yerinə yetirildiyi “Karate şousu” iştirakçılar tərəfindən coşqu ilə qarşılanıb.
   Qeyd edək ki, Məzun gününə ali təhsil müəssisəsinin keçmiş məzunları da qatılıb. Naxçıvan Dövlət Universitetinin məzunu, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin Sədri Asim Yadigar məzunları təbrik edərək onlara cansağlığı, bundan sonrakı fəaliyyətlərində böyük nailiyyətlər qazanmağı arzulayıb.
      Mərasim zamanı universitetin məzunlarından ümumi orta müvəffəqiyyət göstəricilərinə görə fərqlənən tələbələrə plaket və hədiyyələr təqdim olunub, Jalə Cəfərova “Məzun kötüyü”nə xatirə lövhəsini vurub.
    Sonra mərasim İncəsənət fakütəsinin müəllim və tələbələrinin hazırladığı konsert proqramı ilə davam edib. 
    Şəhid ailələrinin də iştirak etdiyi tədbirdə universitetin məzunu, həm də şəhid qardaşı Nihad Şükürlü və şəhid anası Fatma Şükürlü iştirakçılarla öz təəssüratlarını bölüşərək məzunlara gələcək həyatlarında uğurlar arzu ediblər.
    Məzun tədbiri Tibb fakültəsinin gənc həkim məzunlarının ənənəvi andiçmə mərasimi ilə davam edib.
    Məzunların “Papaqatma mərasimi” keçirildikdən sonra xatirə şəkilləri çəkdirilib.

Naxçıvan Dövlət Universitetinin Televiziya, 
mətbuat və ictimaiyyətlə əlaqələr bölməsi

Nəşr edilib : 22.06.2023 16:10