AZ EN RU

Naxçıvan Dövlət Universitetində Zəfər Günü ilə əlaqədar şəhid tələbənin xatirəsi əbədiləşdirilib

Ali təhsil ocağında Vətən müharibəsi şəhidi Orxan Kərimlinin adına auditoriyanın açılışı olub. Şəhidin ailə üzvlərinin də iştirak etdiyi tədbirdə universitetin rektoru Elbrus İsayev bu gün açılan auditoriyanın bir mənəvi dəyəri olduğunu diqqətə çatdırıb. Rektor qeyd edib ki, Hüquqşünaslıq ixtisasının məzunu olan Orxan Kərimli bu sahə üzrə gələcəkdə aparacağı ilk hüquqi işini vətənin azadlığı və haqq işi uğrunda nümayiş etdirməklə sübut etdi. Elbrus İsayev onun vətənpərvərliyinin hər zaman gənc nəslə nümunə olacağını vurğulayıb. Şəhidin atası öz oğlu haqda xatirələrini bölüşüb. Bildirilib ki, qiyabi təhsil alan Orxan Kərimli I kursun sonunda hərbi xidmətə yola düşüb, öz davranışı, nizam-intizamı ilə komandirləri və əsgər yoldaşları arasında böyük rəğbət qazanıb.

Sonra Zəfər günü ilə bağlı keçirilən tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Universitetin rektoru Elbrus İsayev Zəfər günü münasibətilə hər kəsi təbrik edərək qeyd edib ki, 8 Noyabr - Zəfər Günü xalqımızın milli qürur günü, tarixi ədalətin və beynəlxalq hüququn təntənəsi, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası günü kimi zəngin tariximizin şanlı səhifəsidir. Rektor Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış şanlı qələbə ilə bu il anadan olmasının 100 illiyi qeyd edilən Ulu Öndər Heydər Əliyevin vəsiyyətinin yerinə yetirildiyini və hər bir azərbaycanlının arzusunun reallığa çevrilərək torpaqlarımızın işğaldan azad olunmasını, ərazi bütövlüyümüzün təmin edilməsini, bu möhtəşəm tarixi zəfərin əhəmiyyətini vurğulayıb. Diqqətə çatdırılıb ki, 8 Noyabr zəfəri Müzəffər Ali Baş Komandanın yenilməz iradəsinin və böyük sərkərdəlik məharətinin, Rəşadətli Azərbaycan Ordusunun yüksək döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının və peşəkarlığının nümunəsidir.

Tədbirdə “Naxçıvan şəhid ailələri” İctimai Birliyinin sədr müavini Ruslan Zeynalov, Vətən müharibəsi şəhidi, universitetin tələbəsi olmuş Orxan Kərimlinin atası Akif Kərimov, “Naxçıvan Qaziləri” İctimai Birliyinin sədri, ehtiyatda olan kapitan Ceyhun Bayramov, Şəhid Xansu Qurbanovun anası Yəmən Abbasova çıxış ediblər.

 Tədbir vətənpərvər ruhlu mahnılardan ibarət bədii hissə ilə davam edib.

Səadət Əliyeva

NDU-nun Televiziya,

mətbuat və ictimaiyyətlə əlaqələr

bölməsinin müdiri

Nəşr edilib : 07.11.2023 16:28