AZ EN RU

Naxçıvan Dövlət Universitetində yeni yaradılan BMT Modeli klubunun ilk simulyasiya konfransı keçirilib

    Naxçıvan Dövlət Universitetində keçirilən tədbiri giriş sözü ilə açan universitetin rektoru, dosent Elbrus İsayev ali təhsil ocağında müvafiq ixtisaslar üçün təşkili davamlı xarakter alan belə simulyasiyaların tələbələr üçün əhəmiyyətli olduğunu vurğulayıb. 
    Tələbə-Gənclər Təşkilatının sədri Əziz Qasımov “BMT simulyasiyası” layihəsi haqqında məlumat verərək diqqətə çatdırıb ki, layihədə iştirak etmək üçün 30 tələbə qeydiyyatdan keçib. Mövzu ilə bağlı biliklər müsahibə yolu yoxlanıldıqdan sonra 15 iştirakçı simulyasiyada çıxış etmək hüququ qazanıb. 
    AZMUN – BMT modeli klubları şəbəkəsi proqramının rəhbəri Leyla Məmmədzadə çıxışında bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi  üzrə Tədbirlər Planına əsasən keçirilən təqdimat BMT modeli klubları şəbəkəsinin fəaliyyətinə həsr edilib. Qeyd olunub ki, Azərbaycan Tələbə-Gənclər Təşkilatları İttifaqı təsdiqlənən Dövlət proqramını əsas tutaraq Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Gənclər Fondu və BMT-nin Azərbaycandakı Nümayəndəliyinin tərəfdaşlığı ilə “AzMUN – ölkəmizdə BMT Modeli klubları şəbəkəsinin fəaliyyətinin dəstəklənməsi” proqramını icra edir.
    Sonra simulyasiyaya start verilib. İştirakçılar Avropa, Asiya, Amerika kimi müxtəlif qitə ölkələrini təmsil edərək BMT-nin İnsan Hüquqları Şurasında ingilis dilində “Dinə və ya inanca görə insanlara qarşı dözümsüzlük və ayrı-seçkiliklə mübarizə” mövzusu üzrə müzakirələr və debatlar aparıblar.
    Sonda simulyasiyada fəal iştirak edərək ABŞ-ı təmsil edən Beynəlxalq münasibətlər ixtisası üzrə IV kurs tələbəsi Fatimə Sultanovaya “Fəal nümayəndə”, Fransanı təmsil edən Mühasibat uçotu və audit ixtisası üzrə IV kurs tələbəsi Mircəfər Seyidova “Ən yaxşı natiq”, Tərcümə (ingilis-Azərbaycan) ixtisası üzrə I kurs tələbəsi Fərid İbrahimova “Ən yaxşı nümayəndə” nominasiyaları üzrə diplomlar təqdim edilib.

Naxçıvan Dövlət Universitetinin 
Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsi

Nəşr edilib : 17.04.2023 12:54