AZ EN RU

Naxçıvan Dövlət Universitetində Vətən müharibəsi qaziləri ilə görüş keçirilib

Naxçıvan Dövlət Universitetində Vətən müharibəsi qaziləri ilə tələbələrin “Şəhidlərin şahidləri” adlı görüşü təşkil edilib. Tədbirdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan qəhrəmanlarımızın ruhu bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Şəhid və qazi övladlarının da iştirak etdiyi tədbirdə ali təhsil ocağının rektoru Elbrus İsayev çıxış edərək Vətən müharibəmizdə qazanılan zəfərdən söhbət açıb. Torpaqlarımızın azad olunması uğrunda canından keçən şəhidlərimizin və qazilərimizin xidmətlərinin hər zaman xalqımız üçün əvəzsiz olduğunu vurğulayıb.

Qeyd olunub ki, Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazılan 2020-ci ilin sentyabr ayından üç il ötsə də o tarixi qələbə hələ yüz illərlə xatırlanacaq. Çünki həmin ildə qüdrətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində böyük Zəfərə, unudulmaz tarixi qələbəyə imza atdı. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun xalqımıza bəxş etdiyi sevinci hər bir azərbaycanlı bu gün böyük qürur hissi ilə yaşayır. Rektor diqqətə çatdırıb ki, müasir tariximizə qızıl hərflərlə yazılan bu misilsiz hərbi nailiyyət haqqında hələ uzun illər iftixarla danışılacaq.

Elbrus İsayev bildirib ki, ən əsası isə qazandığımız bütün bu tarixi nailiyyətlərə görə Ali Baş Komandana, onun rəhbərliyi altında bizləri Qələbə sevincinə qovuşduran Azərbaycan Ordusuna, əsgər və zabitlərimizə, Vətən uğrunda canından keçən qeyrətli, cəsur oğullarımıza və qazilərimizə minnətdarıq. 

Sonra müzakirə formasında davam edən tədbirdə ikinci Qarabağ müharibəsi qaziləri, Naxçıvan Qaziləri İctimai Birliyinin sədri Ceyhun Bayramov, Pərviz Muradov və Nurlan Quliyevin döyüş xatirələrinə nəzər salınıb, tələbələri maraqlandıran suallar ətraflı cavablandırılıb.

Sonda xatirə şəkli çəkdirilib.

Pərviz HACILI

Naxçıvan Dövlət Universitetin TV, mətbuat və

ictimaiyyətlə əlaqələr bölməsinin əməkdaşı

Nəşr edilib : 27.09.2023 16:46