AZ EN RU

Naxçıvan Dövlət Universitetində ustad dərsləri keçilib

    Millət vəkili, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının politoloji aspektlərini ilk dəfə  kompleks şəkildə öyrənən siyasi elmlər doktoru, professor, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Hikmət Babaoğlu Naxçıvan Dövlət Universitetinin müəllim və tələbləri üçün ustad dərsi keçib.
    Tanınmış professor  “Beynəlxalq münasibətlər”, “Xarici siyasət”, “Yeni dünya nizamı” kimi mövzularda çıxış edib. Bildirilib ki, müasir dövrdə milli dövlətlərin beynəlxalq  münasibətlər sistemində yerini, rolunu, mövqeyini, iştirakçılıq səviyyəsini müəyyən edən başlıca strateji amillərdən biri həyata keçirilən xarici siyasət kursudur. Vurğulanıb ki, bir sıra nəzəri-konseptual mənbələrdə xarici siyasət, əsas etibarilə, daxili siyasətin davamı kimi səciyyələndirilir. Lakin bütövlükdə xarici siyasət spesifik xarakter daşıyır, yəni öz istiqamətləri, hədəfləri, məqsədləri və prioritetlərinə görə daxili siyasətdən fərqli xarakterə malik olan strateji vasitə kimi çıxış edir. 

    Vurğulanıb ki, Azərbaycan həyata keçirdiyi məqsədyönlü, strateji diplomatiya sayəsində dünya siyasətinin cazibə mərkəzlərindən birinə çevrilməkdədir. Bunun əsas səbəblərindən biri Prezident cənab İlham Əliyevin dünya siyasətində baş verən dəyişiklikləri düzgün qiymətləndirmək və bu kontekstdə milli təhlükəsizliyimizi, milli maraqlarımızı yeni çağırışlarla uzlaşdıra bilmək bacarığıdır.
    Türk Ağsaqqalları Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri, Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının müdiri, uroloq, akademik Sudeyif İmamverdiyev Tibb fakültəsinin müəllim və tələbələri üçün ustad dərsi keçib.    
    Tanınmış akademik urologiya və nefrologiyanı əhatə edən ustad dərsində uroloji xəstəliklər, onların yaranma səbəbləri, əlamətləri, müalicəsindən ətraflı bəhs edilib.
    Universitetin rektoru Elbrus İsayev tanınmış elm adamlarının, ictimai-siyasi xadimlərin ustad dərslərinin əhəmiyyətini vurğulayıb, müəllim və tələbələrin sualları cavablandırıldıqdan sonra rektor ustad dərslərinə görə universitetin təşəkkürnamələrini təqdim edib.

Naxçıvan Dövlət Universitetinin
 Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsi

Nəşr edilib : 05.05.2022 20:41