AZ EN RU

Naxçıvan Dövlət Universitetində Türk dünyasının böyük şairi Əhməd Cavad anılıb

    “Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 20 aprel tarixli Sərəncamına müvafiq olaraq Naxçıvan Dövlət Universitetində “Əhməd Cavad – 130” mövzusunda elmi konfrans keçirilib. 
    Konfransda çıxış edən universitetin rektoru Elbrus İsayev Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış ictimai xadim Əhməd Cavadın türkçülüklə, Azərbaycanın müstəqilliyi ilə bağlı əsərləri, dövlət quruculuğu sahəsindəki fəaliyyəti milli nöqteyi-nəzərdən böyük maraq doğurur. Hələ Gəncə mədrəsəsində oxuduğu illərdən Əhməd Cavadın dünyagörüşünün formalaşmasında turançılıq ideyaları özünü göstərməyə başlayıb. Bu təsir Balkan savaşı və Birinci Dünya müharibəsi illərində  şairin ədəbi-bədii yaradıcılığında aparıcı xətt kimi ümumtürkçülük  fəlsəfəsinə çevrilib. Balkan müharibəsində iştirak edən, könüllü əsgər kimi İstanbulun azad olunması uğrunda döyüşən, Birinci Dünya müharibəsində ermənilərə qarşı vuruşan Əhməd Cavad Türkiyə ərazisindəki əsir, qaçqın və köçkünlərə yardım hərəkatının aktiv iştirakçılarından olub. Bakıdakı ”Cəmiyyəti-xeyriyyə” təşkilatının fəal üzvlərindən biri kimi Azərbaycanı müstəqil, doğma xalqını xoşbəxt görmək istəyən Əhməd Cavad haqsız olaraq həbs edilib, dəhşətli işgəncələrə məruz qalıb və 1937-ci il repressiyasının qurbanı olub.
    “Əhməd Cavad və ədəbi dilimiz” mövzusunda çıxış edən Azərbaycan dili və ədəbiyyatı kafedrasının professoru Sədaqət Həsənova romantik şairin yaradıcılığının Azərbaycan dilinin inkişafına, lüğət tərkibinin zənginləşdirilməsinə olan xidmətlərindən bəhs edib. Əhməd Cavadın dil-üslub məziyyətləri ilə Azərbaycan ədəbi dili tarixində həmişə yaşayacağını vurğulayan Sədaqət Həsənova  yaradıcılığı boyu xalqımızın təfəkkür mədəniyyətini əks etdirən şairi ümumxalq dilinə əsaslanan, lakin getdikcə mövzu və anlam bolluğu ilə fərqlənən əsərləri ilə qiymətləndirib.
    Əhməd Cavadı “istiqlalın poetik tərənnümçüsü” kimi təsvir edən Azərbaycan dili və ədəbiyyatı kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Seyfəddin Eyvazov bildirib ki, bədiilik elmi olan poetikada deyim mədəniyyəti, obrazlılıq və üslub gözəlliyi əsas məsələlərdəndir. Bədii dildə sözlər poetik mərama xidmət göstərərək mühüm məntiqi-üslubi səciyyə daşıyır. Dilimizin təəssübkeşi kimi Əhməd Cavadın bədii sənətkarlıq keyfiyyətləri zəngindir və onların linqvistik cəhətdən araşdırılması bir sıra poetik dilçilik faktlarının bilinməsinə imkan yaradır.    
    Konfrans Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə təhsil alan tələbələrin ifasında bədii qiraəti ilə başa çatıb.

Naxçıvan Dövlət Universitetinin 
televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsi 

Nəşr edilib : 21.11.2022 20:23