AZ EN RU

Naxçıvan Dövlət Universitetində “StipendiumHungaricuminAzerbaijan” layihəsi çərçivəsində tələbə və müəllim heyəti ilə görüş keçirilib

Görüşdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev qonaqları salamlayıb, belə bir əhəmiyyətli tədbirin məhz NDU-da keçirilməsinin önəmini vurğulayıb. Diqqətə çatdırılıb ki, artıq tələbələrin xaricdə təhsil alma arzusu artır, yerli tələbələrimizində seçimləri sırasında Macarıstanda təhsil geniş yer tutur. Rektor Macarıstanda təhsilini başa vurub, geri qayıdan məzunların ölkəmizdə böyük uğurlar əldə etdiyini vurğulayıb. Elbrus İsayev layihənin uğurlarından bəhs edərək “StipendiumHungaricum” təqaüd proqramı çərçivəsində təhsil alaraq məzun olan tələbələrin hər iki ölkə arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinə də öz töhfəsini verdiyini bildirib.

Görüşdə Macarıstanın Azərbaycandakı səfirliyinin təhsil və mədəniyyət üzrə nümayəndəsi Monika Felföldi çıxışı zamanı “StipendiumHungaricum” təqaüd proqramı barədə ümumi məlumat verib. Bildirilib ki, Oktyabrın 4-dən başlayaraq 20-dək davam edəcək layihə Macarıstanın “StipendiumHungaricum” təqaüd proqramının 10-cu ildönümünə həsr olunub. Qeyd edilib ki, hazırda 23 min tələbənin təhsil aldığı, indiyədək 10 min tələbənin məzun olduğu və 90-dan çox ölkədə təhsil imkanı yaradan proqram İngilis dili ilə yanaşı Macar dilində də tələbələrə təhsil şəraiti yaradır.

Sonra Azərbaycan Respublikası Elm vəTəhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşı Mehriban Fətullayevanın Macarıstanda Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində təhsillə bağlı çıxışı dinlənilib.

Azərbaycan Macarıstan Məzunları İctimai Birliyi (AHAU) idarə heyəti sədri, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP) idarə heyətinin üzvü, “”StipendiumHungaricum” Proqramı məzunu, İngiltərənin BP şirkətində aparıcı mütəxəssis-Günay Bayramova “Macarıstanda təhsil, həyat, fürsətlər və inkişafa aparan Yol” mövzusunda iştirakçılara məlumat verib.

Nəzərinizə çatdıraq ki, layihə Macarıstanda təhsil almış uğurlu məzunların ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən universitetlərin tələbələri ilə görüşünü təşkil etmək, təcrübə və karyera imkanlarını regionlardakı universitetlərdən olan tələbələrlə bölüşmək və HTP çərçivəsində Macarıstanda təhsil barədə məlumatlandırma işini aparmaq məqsədi daşıyır.

Tədbirin sonunda iştirakçıların Macarıstanla bağlı biliklərini sınağa çəkmək üçün yarış keçirilib. Daha çox suala cavab verən tələbələrə hədiyyələr təqdim olunub.

HTP çərçivəsində Macarıstanda təhsil barədə daha ətraflı məlumatı htp.edu.az səhifəsindən əldə etmək mümkündür.

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və
 ictimaiyyətlə əlaqələr bölməsi

Nəşr edilib : 12.10.2023 19:16