AZ EN RU

Naxçıvan Dövlət Universitetində pedaqoji və istehsalat təcrübələrinin yekun konfransı keçirilib

    Naxçıvan Dövlət Universitetində 2022-2023-cü tədris ilində universitet üzrə keçirilmiş təcrübələrin yekun konfransı keçirilib. 
    Konfransdan öncə İncəsənət fakültəsinin sərgi salonunda təcrübəçi tələbələrin təcrübə ərzində qazandıqları uğurların əks olunduğu stendə baxış olub. Təcrübə kitabçaları, hesabatlar, verilən təşəkkürnamələr, Texnologiya müəllimliyi ixtisası üzrə tələbələrin hazırladıqları əl işləri təqdim edilib. 
    Universitetin rektoru, dosent Elbrus İsayev çıxış edərək tələbələrin qazandıqları təcrübələrin onların gələcək peşə karyerasında inkişafına müsbət təsirindən danışıb. Rektor ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncamla təsdiq olunan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində gələcək fəaliyyət planını tədbir iştirakçılarının diqqətinə çatdırıb. 
    Rektor ali təhsil ocağına göstərilən etimadı yüksək qiymətləndirərək qeyd edib ki, təhsilə qayğı, xalqımızın savadlı gələcəyinə sərmayə deməkdir. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Prezident cənab İlham Əliyevin bu amili dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə hərtərəfli qayğı göstərilməsi dövlətin gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir. Yeni Dövlət Proqramı muxtar respublika ictimaiyyəti, Naxçıvan Dövlət Universitetinin kollektivi tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır və şübhəsiz ki, bu mühüm dövlət sənədi təhsil, təlim-tərbiyə işinin daha da yaxşılaşmasına öz töhfəsini verəcək. Rektor əminliklə qeyd edib ki, Azərbaycan təhsil tarixində ilklərə imza atan Naxçıvan Dövlət Universiteti Dövlət Proqramının icrası istiqamətində əzmlə fəaliyyət göstərəcək. 
    Təcrübə və məzunlarla iş bölməsinin müdiri Aynurə Seyidova “Təcrübələrin yekunlarına dair” adlı məruzəsində 2022-2023-cü tədris ilində Naxçıvan Dövlət Universitetində təcrübələrin tədris planına uyğun şəkildə aparıldığını, universitetdə təhsil alan tələbələrin bu müddətdə ali məktəbin əməkdaşlarının, eləcə də tam orta məktəblərin qabaqcıl müəllimlərinin rəhbərliyi altında nəzəri biliklərini məktəblərdə keçirilən təcrübələrdə layiqincə tətbiq etdiklərini bildirib. 
    Qeyd olunub ki, 2022-2023-cü tədris ilində 397-si pedaqoji, 442-si istehsalat təcrübəsi olmaqla, ümumilikdə, 839 tələbə Naxçıvan şəhərindəki 16 tam orta məktəbdə və Babək rayonunun Şıxmahmud kənd tam orta məktəblərində təcrübədə olub. Diqqətə çatdırılıb ki, təcrübə müddətində tələbələr 101 sayda müxtəlif məzmunlu tərbiyəvi tədbirin təşkilatçılığını ediblər. 
    Sonra fakültələr üzrə təcrübələrin yekununa dair hesabatlar dinlənilib. 
    Sonda pedaqoji və istehsalat təcrübələrini əks etdirən videoçarx nümayiş olunub.

Naxçıvan Dövlət Universitetinin
 Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsi

 

Nəşr edilib : 07.06.2023 16:58