AZ EN RU

Naxçıvan Dövlət Universitetində pedaqoji və istehsalat təcrübələrinin yekun konfransı keçirilib

Naxçıvan Dövlət Universitetində 2023-2024-cü tədris ilində universitet üzrə keçirilmiş təcrübələrin yekun konfransı keçirilib. Konfransdan öncə İncəsənət fakültəsinin sərgi salonunda təcrübəçi tələbələrin təcrübə keçdikləri müddət ərzində qazandıqları uğurların əks olunduğu stendə baxış olub. Təcrübə kitabçaları, hesabatlar, təcrübə ərzində əldə etdikləri təşəkkürnamələr, Texnologiya müəllimliyi ixtisası üzrə tələbələrin hazırladıqları əl işləri təqdim edilib.

Universitetin rektoru Elbrus İsayev çıxış edərək tələbələrin qazandıqları təcrübələrin onların gələcək peşə karyerasında inkişafına müsbət təsirindən danışıb. Pedaqoji təcrübənin muxtar respublikanın ali və orta təhsil müəssisələrinin sıx əməkdaşlığı, tələbələrin pedaqoji ustalıqlara yiyələnmələri baxımından əhəmiyyətindən, təcrübi dərslər zamanı informasiya-kommunikasiya vasitələrindən istifadənin, elmi-kütləvi, mədəni tədbirlərin keçirilməsinin zəruriliyinidiqqətə çatdırıb. 

Təcrübə və məzunlarla iş bölməsinin müdiri Aynurə Seyidova “İstehsalat təcrübələri və Pedaqoji internaturaların yekunlarına dair” adlı məruzəsində 2023-2024-cü tədris ilində Naxçıvan Dövlət Universitetində təcrübələrin tədris planına uyğun şəkildə aparıldığını, universitetdə təhsil alan tələbələrin bu müddətdə ali məktəbin əməkdaşlarının, eləcə də tam orta məktəblərin qabaqcıl müəllimlərinin rəhbərliyi altında nəzəri biliklərini məktəblərdə keçirilən təcrübələrdə layiqincə tətbiq etdiklərini bildirib.

Qeyd olunub ki, 2023-2024-ci tədris ilində 359-u pedaqoji, 742-si istehsalat təcrübəsi olmaqla ümümilikdə 1101 tələbə Naxçıvan şəhərindəki tam orta məktəblərində və Babək rayonunun Şıxmahmud kənd tam orta məktəbində və dövlət müəssisələrində təcrübədə olub. Diqqətə çatdırılıb ki, təcrübə müddətində tələbələr 61 sayda müxtəlif məzmunlu tərbiyəvi tədbirin təşkilatçılığını ediblər.

Sonra fakültələr üzrə təcrübələrin yekununa dair hesabatlar dinlənilib.

Sonda pedaqoji və istehsalat təcrübələrini əks etdirən videoçarx nümayiş olunub.

Nəşr edilib : 28.06.2024 20:26