AZ EN RU

Naxçıvan Dövlət Universitetində “Naxçıvan şəhid ailələri” İctimai birliyi ilə görüş keçirilib

Universitetin rektoru Elbrus İsayev şəhidlərin doğmalarına dərin hüznlə başsağlığı verərək şəhidlərə Allahdan rəhmət diləyib. Rektor qeyd edib ki, "Şəhidlər bizim qürur yerimiz, fəxrimizdir. Vətən naminə canını qurban vermiş şəhidləri xalqımız heç zaman unutmayacaq, onlar əbədi xatirə kimi qəlblərdə yaşayacaqlar".

Görüşdə universitetdə keçirilən tədbir və layihələrdə şəhid ailəsi üzvlərinin iştirakının təmin olunması, şəhidlərlə bağlı keçirilən istənilən tədbirlərdə universitet tələbələrinin iştirakı, şəhidlər üçün tikinti layihələrinə universitetin Memarlıq kafedrasından texniki dəstək göstərilməsi, şəhidlərə aid kitab təqdimatlarının, rəsm sərgilərinin, müxtəlif idman və digər yarışların keçirilməsi, universitet televiziyası tərəfindən şəhidlər üçün müxtəlif sənədli filmlərin hazırlanması, şəhid övladlarına universitetin Beynəlxalq Məktəbində güzəştli təhsil imkanının və şəhid övladlarının təhsil materiallarına əlçatanlılığının təmin edilməsi, ictimai birliyin fəaliyyətinə yaxından dəstək verilməklə birliyin loqosunun hazırlanması, sosial şəbəkə hesablarının idarə edilməsi və qrant layihələrə müraciət etmək üçün dəstəyin göstərilməsi məsələləri müzakirə olunub.

Tədbirdə “Naxçıvan şəhid ailələri” İctimai birliyin sədri Mais Gülməmmədov çıxış edərək dövlətin şəhidlərə, şəhid ailələrinə və qazilərə göstərdiyi dəstəyi yüksək qiymətləndirib. Görüşdə təklif və mülahizələr dəyərləndirilib.

Rektor görüşdən xatirə olaraq universitetin Texnologiya Mərkəzində hazırlanan xarı bülbül əl işini  ictimai birliyin sədri Mais Gülməmmədova təqdim edib. Sonda xatirə şəkli çəkdirilib.

Səadət ƏLİYEVA  NDU-nun Televiziya,

mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri

Nəşr edilib : 03.11.2023 18:19