AZ EN RU

Naxçıvan Dövlət Universitetində Milli-mənəvi dəyərlərimiz mövzusunda elmi-nəzəri seminar keçirilib

Ali təhsil ocağında “Milli-mənəvi dəyərlərimiz, millilik anlayışı, cəmiyyətimizin inkişafında milli-mənəvi dəyərlərimizin rolu” adlı tədbiri giriş sözü ilə açan universitetin Ümumi işlər üzrə prorektoru Xəyal Camalov bildirib ki, mənəvi dəyərlərimizin qorunub saxlanılması və inkişaf etdirilməsi müstəqil respublikamızın mədəniyyət siyasətinin əsas vəzifələrindən biridir. Bu mənada Azərbaycan dövləti öz daxili və xarici siyasətini yeni tarixi şəraitə, müasir tələblərə uyğun olaraq, xalqımızın tarixi və mədəni ənənələrinə, milli-mənəvi dəyərlərimizə istinad edərək həyata keçirir. Ümumilli Lider Heydər Əliyevin millilik siyasəti haqqında danışan Xəyal Camalov diqqətə çatdırıb ki, tarix bir daha dünyaya nümayiş etdirdi ki, ölkəmizin və xalqımızın müstəqilliyini, milli varlığını yaradan, möhkəmləndirən Heydər Əliyev şəxsiyyəti və onun çoxşaxəli möhtəşəm rəhbər iradəsi oldu. 

Tələbə gənclərin milli-mənəvi dəyərlər əsasında tərbiyəsi haqqında danışan “Pedaqogika və psixologiya” kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Taleh Xəlilov təşkil olunan elmi-nəzəri seminarın mahiyyəti haqqında ətraflı məlumat verib. Qeyd edilib ki, tələbə gənclərin milli-mənəvi dəyərlər əsasında tərbiyəsi zəngin mədəni irsimizin qorunması və qloballaşma nəticəsində bu dəyərlərə qayıdışdır. Vurğulanıb ki, milli mənəvi dəyərlərə bağlılıq milli ruhun və milli şüurun simvolu olaraq tarixi yaddaşın fundamental prinsipləri əsasında formalaşır.

Novruz bayramı və ona verilən dövlət dəstəyi adlı çıxışında filologiya üzrə fəlsəfə doktoru, dosent, universitetin “Keyfiyyət təminatı mərkəzinin” məsul şəxsi Əkrəm Hüseynzadə bildirib ki, Novruz xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramıdır. Xalqımızın mənəvi dünyasını, milli düşüncə tərzini, qədim mifik görüşlərini, folklorunu, milli varlığını Novruz qədər bütün zənginliyi ilə özündə ifadə edən ikinci bir bayram təsəvvür etmək çətindir. Vurğulanıb ki, İlham Əliyevin milli-mənəvi dəyərlərə göstərdiyi qayğının nəticəsidir ki, bu gün Novruz bayramı dövlət səviyyəsində qeyd olunur.

Tərlan İbrahimova Jurnalistika

ixtisası üzrə II kurs tələbəsi

Nəşr edilib : 16.03.2023 17:54