AZ EN RU

Naxçıvan Dövlət Universitetində magistrantların XIII regional elmi konfransı keçirilib

Ali təhsil ocağının İncəsənət fakültəsində Naxçıvan Dövlət Universitetinin, Naxçıvan Müəllimlər İnstitutunun, “Naxçıvan” Universitetinin magistrantlarının birgə konfransı keçirilib. Magistratura mərkəzinin direktoru, biologiya elmləri doktoru Etibar Məmmədov çıxış edərək qeyd edib ki, muxtar respublikada təhsilə göstərilən qayğının nəticəsidir ki,  magistratura üzrə dekanlıq əsaslı şəkildə yenidən qurulan və müasir kommunikasiya vasitələri ilə təmin olunan binada fəaliyyət göstərir. Magistrantlar yaradılan bu səmərəli şəraitdən bəhrələnərək respublikamızın müxtəlif ali təhsil müəssisələrində və xarici ölkələrdə keçirilən elmi konfranslarda iştirak edirlər. Bildirilib ki, hazırda universitetin Magistratura təhsil səviyyəsində I kurslarda 67 ixtisaslaşma üzrə 223 nəfər, II kurslarda isə 64 ixtisaslaşma üzrə 199 magistrant təhsil alır. Bu il keçirilən magistraturaya qəbulun nəticələrinə görə bakalavr mərhələsini bitirən məzunların 600-dən artıq nəfəri imtahanda iştirak edib, bunlardan 355 nəfəri müsabiqə şərtlərini ödəyib ixtisas seçimində iştirak etmək hüququ qazanıblar. Qeyd edilib ki, müsabiqə şərtlərini ödəyən 355 nəfər Magistratura mərkəzində ayrılan 250 yer üzrə sənədlərini təqdim edəcək. Vurğulanıb ki, muxtar respublikada elm, təhsil üçün yaradılan münbit şəraitin nəticəsidir ki, Azərbaycanın digər bölgələrində yerləşən magistrantların da məhz NDU-nu seçməsi ənənəsi də vardır. Belə ki, 30 nəfər magistrant ixtisas seçimində ilk olaraq məhz Naxçıvan Dövlət Universitetini seçiblər.

Universitetin rektoru Elbrus İsayev konfransda çıxış edərək muxtar respublikada yerləşən ali təhsil müəssisələrinin magistrantlarının elmi konfranslarının keçirilməsinin artıq ənənə halını aldığını vurğulayıb. İxtisaslı kadrların hazırlanmasında magistr pilləsinin mühüm əhəmiyyətindən danışan rektor bu gün universitetin magistraturasını bitirən məzunların muxtar respublikanın elm, təhsil sahəsinə töhfələr verdiyini vurğulayıb. Qeyd edilib ki, muxtar respublikada təhsilə göstərilən yüksək qayğı təhsilverənlərin və təhsilalanların qarşısına çox böyük məsuliyyət qoyur. Belə ki, tələbələr müasir tədris metodları ilə yanaşı, geniş imkanlara malik maddi-texniki bazası olan ali təhsil müəssisələrində həm nəzəri biliklər qazanır, həm də təcrübi bazaya malik olur, gənclər daha çevik, innovativ metodlarla işləməyi öyrənirlər. Rektor diqqətə çatdırıb ki, universitetdə magistr dissertasiyalarının xüsusi proqram vasitəsilə yoxlanılması da həyata keçirilir. Elbrus İsayev universitetdə yaradılması nəzərdə tutulan Texnologiyalar Parkının da magistraturada təhsil alan tələbələrin öz bacarıqlarını nümayiş etdirmələri baxımından mühüm əhəmiyyət kəsb edəcəyini vurğulayıb. Eyni zamanda vurğulanıb ki, tələbələr gələcəkdə Texnopark vasitəsilə beynəlxalq şirkətlərlə də əməkdaşlıq etmək imkanı qazanacaqlar.

Ali təhsil sistemində magistr pilləsinin əhəmiyyətindən danışan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxışında bildirib ki, əvvəlki dövrlərlə müqayisədə müasir tədris proqramına uyğun keçirilən dərslər tələbələrin ixtisaslı kadr kimi yetişməsinə xidmət edir. Muxtar respublikanın dərindən tədqiq edilərək öyrənilməsi məqsədilə yaradılan akademiyada elmi-tədqiqat işlərinin həyata keçirilməsi uğurla davam etdirilir. Akademik elmi-tədqiqat işlərinin daha  geniş vüsət alması üçün magistratura təhsilini başa vuran məzunların akademiyada fəaliyyət göstərməyi üçün yaradılan şəraitdən danışıb.

Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov muxtar respublikada elmə, təhsilə göstərilən böyük dövlət qayğısından danışıb. Bildirilib ki, konfransların keçirilməsi tələbələrin elmi-tədqiqat işlərinin qiymətləndirilməsi baxımından xüsusi rola malikdir. Bu gün dünyanın nüfuzlu platformalarında tarixi faktlara əsaslanan məqalələrin yer alması bu sahədə ixtisaslı kadrlara olan tələbatı daha da artırır.

Təhsilin və elmin qarşısında duran əsas vəzifənin yüksək ixtisaslı kadrların hazırlanması olduğunu vurğulayan “Naxçıvan” Universitetinin rektoru Nurlana Əliyeva bildirib ki, universitetdə 9 ixtisas üzrə magistr hazırlığı həyata keçirilir. Rektor hər üç ali təhsil müəssisənin birgə qatıldığı konfransın əhəmiyyətini vurğulayıb.

Elektroenergetika ixtisası üzrə I kurs magistrant  Asim Abdulla “Yaşıl enerji”, İdarəetmədə informasiya sistemləri üzrə I kurs magistrant Bahar Həbibi “Nanotexnologiyaların həyatımızda rolu” mövzusunda çıxışlar ediblər.  

Sonda Beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə II kurs magistrant Təbrizə Bağırovaya ilin magistrantı diplomu təqdim edilib. Qeyd edək ki, diplom magistranta elm, təhsil və ictimai həyatındakı fəal iştirakına görə verilib. Bir qrup magistrant da könüllülük fəaliyyətinə görə diplomla mükafatlandırılıb.

Konfrans 12 bölmədə öz işini davam etdirib. Bölmələrdə magistrantların yazdıqları dissertasiya işləri dinlənilib və qiymətləndirilib.

Səadət Əliyeva

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri

 

Nəşr edilib : 17.06.2022 15:27