AZ EN RU

Naxçıvan Dövlət Universitetində Kardiologiya konqresi keçirilib

    Naxçıvan Dövlət Universitetinin Beynəlxalq məktəbində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Naxçıvan Muxtar Respublikası Kardiologiya konqresi keçirilib. 
    Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti və Azərbaycan Kardiologiya Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən konqresdən əvvəl qonaqlar Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində əzəmətlə ucalan heykəli önünə gül dəstələri qoyub, sonsuz ehtiramlarını bildiriblər. 
    Heydər Əliyev Muzeyinin zəngin ekspozisiyası ilə tanışlıq zamanı qonaqlara görkəmli dövlət xadiminin ictimai-siyasi fəaliyyətini, keçdiyi şərəfli həyat yolunu özündə əks etdirən eksponatlar barədə məlumat verilib.
    Konqres Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canını qurban verən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevə həsr olunan videoçarx nümayiş olunub. 
    Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev qonaqları salamlayıb və konqresin işinə uğurlar arzulayıb. Rektor Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda ali təhsil ocağının qarşıdakı mərhələlər üzrə perspektivlərini diqqətə çatdırıb. Elbrus İsayev yeni yaradılacaq tibb kampusunun əsasının qoyulmasını gələcəkdə muxtar respublika səhiyyəsinə töhfə verməklə bərabər beynəlxalq aləmdə qazanılan uğurların davamı olacağına əminliyini ifadə edib. 
    Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini, nazir səlahiyyətlərini müvəqqəti icra edən Samiq Sadıxov Ulu Öndərin əsasını qoyduğu səhiyyə siyasətinin bu gün də yüksələn xətlə inkişafından söhbət açıb. Bildirilib ki, Naxçıvan Muxtar Respublikasının səhiyyə sistemində son aylarda həyata keçirilən köklü islahatlar muxtar respublikada tibbi xidmətin müasir və üstün yanaşma ilə qurulmasına, tibbin bütün istiqamətlərində keyfiyyətin artırılmasına yönəlib.
    Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri Üzeyir Rəhimov qeyd edib ki, bu gün digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də Ulu Öndərin sosialyönümlü siyasət strategiyası Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi altında səhiyyə sistemində aparılan əsaslı islahatlar sayəsində səhiyyə idarəçiliyi və maliyyələşməsinin yeni müasir konsepsiyalara uyğun formalaşdırılması, ən yaxşı beynəlxalq təcrübədən istifadə bu islahatların təməlini təşkil edir. Üzeyir Rəhimov vurğulayıb ki, 12 ildir, fəaliyyət göstərən cəmiyyətin əsas məqsədi kardioloqların elmi səviyyəsini yüksəltməkdir. 
     Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri Kamran Musayev, YAP İdarə Heyətinin üzvü Tofiq Cahangirov, Azərbaycan Kardiologiya Cəmiyyətinin İdarə Heyətinin üzvü, kurs direktoru Tofiq Sadıqov, “Naxçıvan Muxtar Respublikası Həkimlərinin Assosiasiyası” İctimai Birliyinin sədri İsa Abdullayevin çıxışları dinlənilib. 
    Qeyd edək ki, konqresin moderatoru universitet xəstəxanasının baş həkimi Elmar Rzayevdir.      
    Məlumat üçün onu da bildirək konqres iki gün davam edəcək. Konqresdə ixtisaslı peşəkar həkimlərin çıxışları ilə yanaşı, Klinik hallar ilə EKQ, Kardiak anatomiya, Ürək ağciyər canlandırma (CPR) kursları da təşkil ediləcək. 

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və
 ictimaiyyətlə əlaqələr bölməsi

Nəşr edilib : 22.09.2023 16:24