AZ EN RU

Naxçıvan Dövlət Universitetində jurnalist kadrların hazırlanması muxtar respublikada aparılan uğurlu media siyasətinin əsas tərkib hissəsidir

    Hər bir ölkənin bu günü, gələcəyi onun mətbuatı ilə sıx bağlıdır. Bu, təsadüfi deyil. Çünki jurnalistika yalnız cəmiyyətdə ictimai rəy formalaşdırmır, yaxud da qəzet və jurnallar ötüb keçmiş hadisələrin səhifələr üzərində cəm olunmuş hesabatı deyil. Jurnalistika vasitəsilə cəmiyyət bu gün haqqında geniş məlumat öyrənir, keçmişdən xəbərdar olur, gələcək barədə təsəvvürləri formalaşır. Bu gün böyük iftixarla deyə bilərik ki, muxtar respublikamızda milli maraqlara və dövlətçilik ənənələrinə söykənən sağlam mətbuat formalaşıb.

    Muxtar respublika rəhbərinin diqqət və qayğısı ilə istər yaradılan maddi-texniki baza, istərsə də jurnalist kadrların hazırlanması sahəsində görülən işlər qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün geniş imkanlar açır. Bu gün blokada şəraitində yaşayan muxtar respublikanın inkişafı, zəngin tarixi-mədəni irsi və turizm potensialı, ümumilikdə, Naxçıvan həqiqətləri kütləvi informasiya vasitələri tərəfindən geniş ictimaiyyətə təqdim olunur. Bu məsuliyyətli və şərəfli yolda sözsüz ki, jurnalist kadrların hazırlanması, onların gələcəkdə peşəkar kadr kimi yetişdirilməsi də qarşıya qoyulmuş əsas məsələlərdəndir. 


    Yüz ildən artıqdır ki, şərəfli mətbuat yolu qət edən Naxçıvan mətbuatının formalaşması və inkişafında muxtar respublikanın qabaqcıl ali təhsil müəssisəsi olan Naxçıvan Dövlət Universitetinin özünəməxsus yeri vardır. Məlumat üçün qeyd edək ki, ali təhsil ocağında 2001-ci ildən yaradılmış Jurnalistika ixtisası, 2002-ci ildən fəaliyyət göstərən Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrası regionda alitəhsilli jurnalist mütəxəssislərin yetişdirilməsində mühüm rol oynayır. Kafedranın keçdiyi tarixi inkişaf yolu barədə oxucularımızı məlumatlandırmaq üçün Naxçıvan Dövlət Universitetinin dosenti, Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri Şəhla Şirəliyeva ilə həmsöhbət olduq. Müsahibimiz dedi: – Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrası, bütövlükdə, Naxçıvan Muxtar Respublikasının media mühitində öz təsir gücü, tədris, elmi-praktik səviyyəsi ilə seçilir. Ali jurnalistika təhsili üçün baza rolu oynayan bu kafedra milli mətbuatın və jurnalistikanın tarixi təşəkkülünü, inkişaf mərhələlərini, xüsusən onun müasir gerçəkliyə tətbiqini mühüm vəzifə sayır. Jurnalist məzunlarımız muxtar respublikada bu gün ən müxtəlif kütləvi informasiya vasitələrində və məsul vəzifələrdə çalışır, yüksək peşəkarlıq nümayiş etdirirlər. Universitetdə Jurnalistika ixtisasının tələbələri üçün fundamental təcrübi baza, əsl yaradıcılıq laboratoriyası rolu oynayan mətbuat bölməsi, Universitet televiziyası, “Nuhçıxan” radiosu və “Yeni fikir” qəzeti 22 iyul 2011-ci il tarixdən etibarən vahid Media Mərkəzi şəklində fəaliyyət göstərir. Onu da qeyd edim ki, Ali Məclis Sədrinin qayğı və təşəbbüsü sayəsində Naxçıvan Dövlət Universitetinin televiziyası ötən ilin mart ayından həftənin bazar ertəsi, çərşənbə və cümə günləri saat 1100-dan 1500-a qədər 4 saatlıq efir vaxtilə muxtar respublika ərazisində yayımlanır. Bu, sözün əsl mənasında, Universitet televiziyası üçün bir inqilabdır. İlk dəfə olaraq ölkədə həyata keçirilən bu layihə tələbə-jurnalistlərdə məsuliyyəti artırmaqla yanaşı, həm də onların universitetdə qazandıqları biliklərin, təhsil səviyyəsinin əyani sübutudur.
    Müsahibimiz onu da diqqətə çatdırdı ki, 2001-ci ildən universitetdə Jurnalistika ixtisasının fəaliyyətə başlaması Naxçıvan Muxtar Respublikasında alitəhsilli jurnalist mütəxəssislərin yetişdirilməsi istiqamətində öz bəhrələrini verməkdədir. Bu 21 il ərzində 213 nəfər jurnalist məzunumuz olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri istedadlı və qabiliyyətli jurnalist məzunların iş yerləri ilə təmin olunmasına hər zaman xüsusi qayğı və həssaslıqla yanaşır. Jurnalist məzunlarımız bu gün Azərbaycanın, o cümlədən muxtar respublikanın ən müxtəlif kütləvi informasiya vasitələrində məsul vəzifələrdə çalışır, yüksək peşəkarlıq nümayiş etdirirlər. Onlardan bir neçəsinin adını çəkmək də, hesab edirəm ki, bu dediyimiz fikirləri bir daha təsdiq edəcəkdir. Belə ki, məzunlarımızdan biri – Kazım Kazımov Türkiyə Respublikasının Milli Medya qrupunun Xarici siyasət Departamentinin redaktorudur. Fərid Axundov “CBC Sport” kanalının tanınmış idman jurnalistidir. Məzunlarımızın böyük əksəriyyəti Azərbaycanın tanınmış kütləvi informasiya vasitələrində, informasiya agentliklərində peşəkar jurnalistika fəaliyyəti ilə məşğuldurlar. Muxtar respublikamızın, demək olar ki, kütləvi informasiya vasitələrində məsul vəfizələrində çalışanların əksəriyyəti, dövlət orqanlarında mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin işçiləri bizim məzunlarımızdır. Qürurverici haldır ki, məzunlarımızdan Səadət Əliyeva, Samir Tarverdiyev, Məmməd Babayev, Çinarə İsmayılova bu gün universitetimizdə jurnalistikanın tədrisi ilə uğurla məşğuldurlar, burada yeni jurnalist kadrların yetişməsi yolunda uğurla fəaliyyət göstərirlər. Fikrimizi ümumiləşdirərək deyək ki, Naxçıvan Dövlət Universiteti Jurnalistika ixtisası istiqamətində bakalavr və magistr pillələri üzrə muxtar respublikanın ixtisaslı yerli jurnalist kadrları, teleradio mütəxəssisləri ilə təmin olunmasında böyük rol oynayır. Bununla belə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi ilə bağlı əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” imzaladığı Sərəncam yaradıcılığa ilk qədəm qoyan tələbələrə müxtəlif media orqanlarında öz bacarıqlarını sınamağa imkan açır.
    Şəhla müəllim geniş qeyd edir ki, çoxfunksional institut kimi jurnalistika bir sıra konkret məqsədlərə xidmət edir, vəzifələr daşıyır. Lakin peşəkаr jurnalist fəaliyyətinin mərkəzində ümumi, vahid bir məqsəd – missiya dayanır: gerçəkliyi əks etdirməklə, insanları doğru-dürüst məlumatlandırmaqla onların, bütövlükdə, cəmiyyətlə optimal münasibətlər qurmasına şərait yaratmaq. Peşəkаrlаr həmişə dərin biliyi, zəngin təcrübəsi və fərdi yаrаdıcılıq keyfiyyətləri ilə fərqlənirlər. Bu аdı qаzаnmаq üçün jurnаlistin mətbuat, televiziyа və radio yаrаdıcılığının nəzəri əsаslаrınа dаir yахşı biliyi оlmаlıdır. О, müаsir teхnikа və teхnоlоgiyаyа əsаslаnаn yаrаdıcılığın prаktik vərdişlərini gözəl mənimsəməli, gerçəkliyi əks etdirməyin fоrmа və üsullаrını öyrənməli, hər hаnsı məlumаtdа söz-təsvir hаrmоniyаsını yаrаtmаğı bаcаrmаlı, bir sözlə, teleradiojurnаlistikаsının həssаs yаrаdıcılıq qаnunlаrınа yiyələnməlidir. Gələcək jurnаlistlərdə bu zəruri peşə keyfiyyətlərinin fоrmаlаşmаsı ali təhsil illərindən başlayır. Hesab edirəm ki, Naxçıvan Dövlət Universitetində 27 aprel 2006-cı il tarixdən etibarən fəaliyyət göstərən Universitet televiziyası kafedranın müəllim və tələbələrinin qaynar yaradıcılıq meydanına çevrilib. Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrasının Universitet televiziyasında təşkil etdiyi dərslərdə tələbələr tele-radio jurnalistikanın prinsipləri ilə bağlı əyani təcrübə qazanır və sahəvi vərdişlərə yiyələnirlər. Digər sahələrdə olduğu kimi, jurnalistikada da təcrübə olmadan peşəkar kadr kimi yetişmək mümkün deyil. Artıq məzunlarımızın əksəriyyəti nəzəriyyəni praktikada uğurla tətbiq edərək peşəkar jurnalist kimi özlərini təsdiqləyirlər. 


    Universitetin “Qeyrət” mətbəəsi və “Yeni fikir” qəzeti isə qəzetçilik fəaliyyətinin dərindən mənimsənilməsində müstəsna xidmətlər göstərir, tələbələr birinci kursdan etibarən qəzetçiliyin necə çətin proses olduğunu dərk edir. Müsahibimiz bu istiqamətdə də mövzumuza aydınlıq gətirdi: – Naxçıvan Dövlət Universitetinin birinci sayı 15 oktyabr 1991-ci ildə çap edilmiş “Fikir” adlı qəzeti Azərbaycan ali təhsil sistemində region universitetində çap olunan ilk mətbuat orqanı idi. O zaman Naxçıvan Dövlət Universitetinin mətbu orqanının “Fikir” adlandırılması vaxtilə Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin inspektoru Aleksey Osipoviç Çernyayevskinin həmin seminariyanın Naxçıvandan olan məzunu Əliməmməd Xəlilovla birlikdə Tiflisdə nəşr etdirmək istədikləri, lakin çapına nail ola bilmədikləri “Fikir” adlı maarifçi qəzetin adını yaşatmaq, ənənəsini davam etdirmək məramı ilə əlaqələndirilmişdi. Beləliklə, “Fikir” qəzeti Naxçıvan Muxtar Respublikasında ali məktəb müəllimləri və tələbələrinin mətbuat tribunası kimi 1997-ci ilədək fəaliyyətini davam etdirərək maarifçi düşüncənin inkişafına kömək etmişdir. Sonrakı illərdə Avropa universitetlərinə inteqrasiya sayəsində Qərb ali məktəblərində qəzetlərin deyil, informasiya bülleteni tipli jurnalların nəşr edilməsi təcrübəsinə istinad edilərək Naxçıvan Dövlət Universitetində “Fikir” qəzetinin bazasında eyniadlı informasiya bülleteninin çap edilməsi qərara alınmışdı. 1 aprel 2011-ci ildə ilk nömrəsi işıq üzü görmüş “Yeni fikir” qəzeti 20 il əvvəl Naxçıvan Dövlət Universitetində nəşrə başlamış “Fikir” qəzetinin davamıdır. Bu gün “Yeni fikir” ayda bir dəfə olmaqla, 500 nüsxə tirajla çap olunur. Universitet həyatında baş verən yeniliklər, elmi konfranslar, tədbirlər, xarici əlaqələr və sairə ilə bağlı xəbərlərin yer aldığı qəzetdə tələbə-müəllim heyətinin müxtəlif janrlarda maraqlı yazıları, publisist düşüncələri, şeir və hekayələrinə də rast gəlmək olar. Qəzet çoxsaylı oxucuları tərəfindən maraqla oxunur. İnanırıq ki, kafedramızın peşəkar müəllim kollektivi bundan sonra da tutduqları bu şərəfli yolda cidd-cəhdlə çalışacaq, muxtar respublika mətbuatına öz layiqli töhfələrini verəcəklər. 
    Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabi bir zamanlar yazırdı: “Camaat qəzet üçün deyil, qəzet camaat üçün olmalıdır”, böyük demokrat yazıçı, jurnalist Cəlil Məmmədquluzadə isə “Qələmin müqəddəs vəzifəsi xalqın xoşbəxtliyi yolunda xidmət etməkdir, gərək bu ola hər bir qələm sahibinin amalı” kimi dəyərli fikirləri söyləməklə sanki qələm dostu Zərdabinin elm-irfanla dolu hikmət bulağından su içirdi. Bu gün milli mətbuatımızın yaranmasının 147-ci ildönümü münasibətilə qəzetimiz vasitəsilə xalqımızı, bütün mətbuat, media nümayəndələrini təbrik edirik. Ümid edirik ki, jurnalistlərimizin qələmləri daim xalqımızın xoşbəxtliyi, milli dövlətçiliyimizin, suverenliyimizin qorunması yolunda xidmət edəcək, mətbuatımızın səviyyəsini daha da yüksəldəcək, Azərbaycan mətbuatı bundan sonra da ölkəmizdə demokratik proseslərin inkişafında, vətəndaş cəmiyyətinin formalaşmasında üzərinə düşən vəzifəni uğurla davam etdirəcək.

Bülbül QULİYEVA
 

Nəşr edilib : 21.07.2022 20:20