AZ EN RU

Naxçıvan Dövlət Universitetində “İnnovasiyalı iqtisadiyyat: reallıqlar və strateji hədəflər” mövzusunda respublika elmi konfransı keçirilib

Tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

“Gələcək innovasiya, texnologiya, yaxşı idarəçilik, şəffaflıq və sahibkarlığa dövlət dəstəyindən ibarət olacaqdır və iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir.” – dövlət başçısının bu fikirləri Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində ali təhsil ocağında keçirilən “İnnovasiyalı iqtisadiyyat: reallıqlar və strateji hədəflər” mövzusunda respublika elmi konfransında səsləndirilib. Konfransda universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov çıxış edib. Qeyd edilib ki, ölkənin kadr hazırlığında innovativ yanaşmanın və texnologiyaların tətbiqini vacib edən yeganə faktor mövcud və ya yetişdirilən kadrların inkişaf səviyyəsinin dünya standartları ilə ayaqlaşa bilmək potensialına sahib olmağa yiyələnməkdir. Bildirilib ki, texnologiyaların kadr hazırlığına tətbiqini həyata keçirtməkdən əvvəl ilk növbədə universitetlərdə elmi səviyyəni yüksəltmək və bu əlaqəni iqtisadiyyatın inkişafına birləşdirməkdən ötəri innovativ infrastruktur formalaşdırılmalıdır. Prorektor diqqətə çatdırıb ki, dünyada baş verən elmi və texnoloji yeniliklər və dəyişikliklər daim izlənməli və dəyərli innovasiyalar ölkədə universitetlərə tətbiq olunmalıdır.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, iqtisad üzrə elmlər doktoru Rəsul Balayev “İnnovasiyalı fəaliyyət üçün biliklərin idarə edilməsi: tətbiq aspektləri” mövzusuyla konfransa onlayn olaraq qatılıb. Qeyd edilib ki,  dövlətin qarşısında əsas məsələ iqtisadiyyatın rəqabət qabiliyyətliliyini artırmaq, iqtisadiyyatın səmərəliliyini artırmaq və iqtisadiyyatın innovasiyalı irəliləyişinə nail olmaqdan ibarətdir. Bununla yanaşı, prioritet istiqamət kimi xarici investisiyanı ölkə iqtisadiyyatına cəlb etmək, rəqabət qabiliyyətli məhsulların xarici bazarlara çıxışını təmin etməkdən ibarətdir. Həmçinin vurğulanıb ki, dövlətin qarşısında ənənəvi iqtisadiyyatdan bilik iqtisadiyyatına keçidin təmin edilməsi kimi mühüm strateji amil dayanıb.

“İnnovasiyalı inkişafda texnoparkların rolu” mövzusunda çıxış edən universitetin iqtisad elmləri doktoru, professor Teymur Abbasov bildirib ki, Texnoparklar universitet, sənaye, araşdırma mərkəzləri, sahibkarlar və bazarlar arasındakı əməkdaşlığı artırmaq, bilik və texnologiya transferini asanlaşdırmaq məqsədilə yüksək əlavə dəyərli tədqiqat və inkişafa söykənən qabaqcıl texnologiyalı məhsul və xidmətlərin istehsalına uyğun infrastruktur, üstqurum və xidmətlər ilə təsir edən təşkilatlardır.  Bildirilib ki, Texnoparkların yaradılmasının əsas məqsədi universitetin akademik və tələbə heyətinin elmi-təcrübi işlərini həyata keçirtmək, kommersiyalaşdırmaq və cəmiyyətə töhfə verməkdir.

Konfrans İnnovasiyalı iqtisadiyyat, İnnovasiya və rəqəmsallaşma, İnnovasiya və logistika, İnnovasiya və turizm adlı 4 bölmədə davam edib. Konfransda Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Universiteti, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi-Tədqiqat İnstitutu, Mingəçevir Dövlət Universiteti, Naxçıvan Dövlət Universitetindən olmaqla ümumilikdə professor-müəllim, doktorant və dissertant, magistr olmaqla ümumilikdə 42 çıxış dinlənilib.

Qeyd edək ki, konfransın moderatoru iqtisad üzrə fəlsəfə doktoru, dosent Əşrəf Ələkbərov olub.

Səadət ƏLİYEVA

NDU-nun Televiziya,

mətbuat və ictimaiyyətlə

əlaqələr bölməsinin müdiri

Nəşr edilib : 19.05.2023 17:45