AZ EN RU

Naxçıvan Dövlət Universitetində ilk dəfə olaraq SAT imtahanı keçirilib

Naxçıvan Dövlət Universitetində yerləşən, Amerika Birləşmiş Ştatlarında mərkəzləşmiş College Board nəzdində rəsmi fəaliyyət göstərən Naxçıvan regional SAT Qeydiyyat və İmtahan mərkəzində ilk imtahan uğurla başa çatıb.  

İmtahan mərkəzinin əməkdaşlarından ibarət heyətin nəzarəti, texniki dəstək və şəffaflıq şəraitində uğurla başa çatdırılan imtahan prosesindən şagirdlər öz razılıqlarını ifadə ediblər.

Qeyd edək ki, Naxçıvan regional SAT qeydiyyat və imtahan mərkəzi əvvəllər imtahan vermək üçün uzaq məsafələri qət edərək xarici ölkələrə üz tutan şagird və ailələrə dəstəyə və istedadlı gənclərimizin xaricdə təhsil arzularını reallaşdırmağa xidmət edir. Mərkəzin fəaliyyətə başladığı qısa müddət ərzində onlarla şagirdin müraciəti nəzərə alınaraq konsultasiya xidməti də göstərilib.

Məlumat üçün onu da bildirək ki, mərkəz paytaxt Bakı və digər bölgələrdən olan tələbatı nəzərə alaraq növbəti aylarda da SAT Digital imtahanlarının keçirilməsinə davam edəcəkdir.  

Nəşr edilib : 11.10.2023 11:48