AZ EN RU

Naxçıvan Dövlət Universitetində IBM şirkətinin təqdimatı olub

Ali təhsil ocağında IBM üzrə təmsilçi Jan Lauda, IBM üzrə universitet səfiri Hayri Sayı ilə onlayn görüş keçirilib. Universitetin rektoru Elbrus İsayev hər kəsi salamlayıb. Rektor IBM şirkəti ilə keçirilən görüşün ali təhsil ocağında qurulan Texnoparkın fəaliyyət istiqamətində, universitetdə mühəndislik ixtisaslarında dərs deyən müəllimlərin təcrübi peşə vərdişlərinin formalaşmasında mühüm əhəmiyyət daşıyacağını önə çəkib. Qeyd edilib ki, ali təhsil ocağında IBM üzrə müxtəlif proqramlar icra olunacaq, bu sahə üzrə laboratoriyalar fəaliyyət göstərəcək. Elbrus İsayev bu sahə üzrə biliklərin nəinki universitet, həmçinin Naxçıvan üçün mühüm töhfələr verəcəyini diqqətə çatdırıb. 

IBM üzrə təmsilçi Jan Laudatəqdimatla çıxış edərək qeyd edib ki, IBM (International Business Machines) kompüter avadanlığı və proqram təminatı istehsalı və satışı üzrə ixtisaslaşmış beynəlxalq texnologiya şirkətidir. 1911-ci ildə əsası qoyulan IBM dünyanın ən qədim texnologiya şirkətlərindən biridir və sənayedə innovasiya və liderliyin uzun tarixinə malikdir. 170-dən çox ölkədə mövcudluğu və dünya üzrə 300.000-dən çox işçisi ilə dünyanın ən böyük informasiya texnologiyaları şirkətlərindən biri olan IBM qiymətli qlobal brendlər arasındadır. IBM gəlir baxımından ən yaxşı şirkətlər arasında yer alır və minlərlə patent də daxil olmaqla güclü əqli mülkiyyət portfelinə malikdir.Vurğulanıb ki, şirkət dünyanın 110-dan artıq ölkəsində 334 kurs olmaqla bir milyon sertifikat təqdim edib.

Tədbirdə “IBM Skills Network” platformasından qeydiyyatdan keçmə və bu platformadan istifadə qaydaları izah edilib. Bildirilib ki, müəllimlər dərslərində “Skills Network” kataloqundakı kurs və layihələrdən istifadə edə və ya tələbələrinə özləri araşdırma və öyrənmə imkanı verə bilərlər. Bu kataloqda bütün səviyyələr üçün kurslar və layihələr mövcuddur və onları portalınıza bir kliklə quraşdıra bilərsiniz. Platformada xüsusilə proqramlaşdırma, kibertəhlükəsizlik, süni intellekt, maşın öyrənməsi, data science və.s sahələrinə aid kurslar mövcuddur. Jan Lauda IBM kurslarına daxil olmaq qaydaları haqda ətraflı məlumat verərək platformadan istifadənin faydalarından danışıb. Diqqətə çatdırılıb ki, Platformanın Virtual Sinif otağında onlayn mühazirələr və sinif daxili müzakirələrin keçirilməsi üçün imkanlar mövcuddur.Kursları bitirdikdən sonra IBM loqosu ilə nişanlanmış sertifikatlar və nişanlar(badget) əldə etmək mümkündür.Görüşdə həmçinin o da qeyd edilib ki,Skills Network Laboratoriyalarına heç bir asılılıq, yükləmə və quraşdırma prosesi olmadan bir kliklə daxil olmaq mümkündür. Bu zaman hər bir istifadəçinin irəliləyişi qeyd olunur, istədiyiniz zaman kurslara qoşula, dayandıra, hətta üzərindən 1 ay keçsə belə qaldığınız yerdən kursa davam edə bilərsiniz.Vurğulanıb ki, bu platformadan istifadə etməklə müəllimlər və tələbələr təcrübi bacarıqlarını inkişaf etdirəcəklər.

Rektor sonda IBM üzrə təmsilçi Jan Lauda, IBM üzrə universitet səfiri Hayri Sayıya öz təşəkkürünü ifadə edib. Görüşdə birgə əməkdaşlıq məsələləri, bu sahədə peşəkar təcrübə mübadiləsi barədə müzakirə aparılıb. Elbrus İsayev bu sahədə qardaş Türkiyənin də xüsusi dəstəyindən istifadə olunacağını diqqətə çatdırıb.

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və
 ictimaiyyətlə əlaqələr bölməsi

Nəşr edilib : 12.07.2023 17:44