AZ EN RU

Naxçıvan Dövlət Universitetində IBM Proqramlaşdırma Mühəndisliyi İnstitutu ixtisaslı kadrların hazırlanmasında müstəsna rol oynayacaq

    Müasir həyatımızda əmək bazarında baş verən dəyişikliklər bizə XVIII-XIX əsrin ərəfəsindəki vəziyyəti xatırladır. O vaxt insan əl əməyindən maşına keçid etmişdi. O vaxtla indiki vəziyyətin əsas fərqi bundadır ki, hazırda sürət amili dəfələrlə yüksəkdir. Buna görə də əgər iki əsr bundan əvvəl bacarıqları nəsildən-nəslə ötürmək olurdusa, indi bu iş sadə yolla baş vermir və mütəxəssis müdaxiləsi olmadan mümkünsüz görünür. “Reskilling” – yenidən təkmilləşmə qarşımızda duran ən aktual proseslərdən biridir. Getdikcə daha çox şirkətlər və işəgötürənlər əməkdaşlarının yenidən təkmilləşməsinə rəhbərlik etdikləri qurumun inkişafı baxımından vacib amil kimi yanaşmağa başlayıblar.

    Son illərdə müəssisələrin idarəedilməsinin əsas subyektləri olan idarəetmə kadrlarının hazırlığı sisteminin innovativ inkişaf etdirilməsi dövrün əsas mövzularından birinə çevrilmişdir. Xarici mühitin dinamikasının artması, elmi və texnoloji tərəqqinin davamlı inkişafı, təsərrüfat subyektlərinin daha çox mürəkkəb sosial-iqtisadi sistemlərə çevrilməsi, öz növbəsində, iqtisadiyyatının mürəkkəbliyinə uyğun olaraq müəssisələrdə yeni idarəçilik kadrları tələb edir. Bu baxımdan, işçilərin inkişafı sisteminin təkmilləşdirilməsi və kadr hazırlığı səviyyəsinin artırılması müasir qurumların innovativ imkanların və müasir metodların araşdırılmasının aktuallığı artır. Müəssisənin kadrlarının hazırlığı sisteminin innovativ inkişafının mahiyyəti təşkilatın istehsal və iqtisadi fəaliyyətinin səmərəliliyinin səviyyəsini artırmaq üçün ağlabatan və operativ idarəetmə qərarları qəbul etməyə imkan verən idarəetmə kadrlarının səlahiyyətlərinin səviyyəsini artırmaqdır. Bu proses yenilikçi və müasir idarəetmə kadr hazırlığı vasitələrinin müntəzəm inkişaf etdirilməsi olmadan mövcud bazar şəraitində təsərrüfat subyektinin lazımi səviyyədə mənfəət və rəqabət qabiliyyətini təmin etmək mümkün deyildir. 
     Buna görə də həm ölkəmizin, həm də firma və təşkilatların qarşısında duran başlıca problemlərdən biri də beynəlxalq əmək bazarının tələblərinə uyğun rəqabət qabiliyyətli idarəçi kadrların hazırlanmasıdır. Qeyd etmək lazımdır ki, hazırda bu sahədə olan əsas problem müasir idarəetmə və menecment elminin tələblərinə cavab verən idarəetmə kadrlarının hazırlanması, onların yenidən hazırlığı və ixtisasının artırılması, o cümlədən müəssisənin işçilərinin təlimi və hazırlıq sistemlərinin yaradılmasıdır. Bunlara uyğun olaraq istər ali təhsil müəssisələrində, istərsə də firmaların daxilində effektiv idarəetmə kadr hazırlığının həyata keçirilməsi və onların potensialından səmərəli istifadə müəssisənin səmərəliliyini artırmaq, effektiv iqtisadi göstəricilər əldə etməsi üçün mühüm vasitə hesab olunur. Beləliklə, rəqəmsallaşma əsrində personalın əmək bazarının diqtə etdiyi yeniliklərdən bixəbər olmaması üçün nələr etmək lazımdır?
    Ekspertlər hesab edir ki, ən azı ildə bir dəfə peşələrdə baş vermiş dəyişikliklər və əmək bazarının onlara olan tələblərinin auditini həyata keçirmək lazımdır. Artıq indinin özündə bir çox tanınmış şirkətlər büdcələrinin böyük bir qismini əməkdaşlarının təkmilləşməsinə yönəldirlər. Məsələn, IBM işçilərinin tədrisinə ildə 500 milyon dollardan çox pul xərcləyir. Şirkətin baş direktoru Cinni Pomettinin sözlərinə görə, IBM-də “skill planning” (bacarıqların planlaşdırılması) deyilən proqram var və o hər rüb yenilənir. Bu proqram, eyni zamanda bazardakı yeniliklərdən asılı olaraq, çevik dəyişikliyə uğraya bilər. Cinninin sözlərinə görə, təkmilləşmə əməkdaşın yaşından heç bir halda asılı ola bilməz və bunu onlar öz şirkətlərində personalın 100 faizinin “reskilling”i ilə sübut ediblər.
    IBM (International Business Machines) kompüter avadanlığı və proqram təminatı istehsalı və satışı üzrə ixtisaslaşmış beynəlxalq texnologiya şirkətidir. 1911-ci ildə əsası qoyulan IBM dünyanın ən qədim texnologiya şirkətlərindən biridir və sənayedə innovasiya və liderliyin uzun tarixinə malikdir. 170-dən çox ölkədə mövcudluğu və dünya üzrə 300.000-dən çox işçisi ilə dünyanın ən böyük informasiya texnologiyaları şirkətlərindən biri olan IBM qiymətli qlobal brendlər arasındadır. IBM gəlir baxımından ən yaxşı şirkətlər arasında yer alır və minlərlə patent də daxil olmaqla güclü əqli mülkiyyət portfelinə malikdir. Vurğulanıb ki, şirkət dünyanın 110-dan artıq ölkəsində 334 kurs olmaqla, bir milyon sertifikat təqdim edib.
    Dünyadakı universitetlərlə davamlı əlaqələr qurmaq, IBM-in 170 ölkəni əhatə edən Qlobal Ekosistemi ilə uyğunlaşmaq məqsədilə IBM şirkəti ilə birlikdə Naxçıvan Dövlət Universitetində Proqramlaşdırma Mühəndisliyi İnstitutu (Software Engineering Institute) yaradılıb. Proqramlaşdırma Mühəndisliyi İnstitutunun akademik və əməkdaşlıq maraqları ilkin olaraq süni intellekt, bulud texnologiyaları, kiber təhlükəsizlik, məlumatlar bazası, dizayn düşüncəsi, kvant fizikası sahələrinə yönələcək.
    Əsas məqsədlərdən biri də IBM tərəfindən universitetin texnologiya həllərinə çıxış imkanlarını artırmaq və bu sahədə yeni kadrlar hazırlamaqdır. Qeyd edək ki, IBM innovasiya yönümlü layihələrin dəstəklənməsində və inkişaf etdirilməsində universitetlə əməkdaşlıq edəcək, müasir innovativ ideyaları paylaşaraq, strateji problemlərə uyğunlaşdırılmış daha geniş tədqiqatçıların yetişdirilməsinə dəstək göstərəcək. İlkin olaraq “Tech to Teachers” layihəsi çərçivəsində 20 professor-müəllim heyəti “IBM Skills Network” platformasından qeydiyyatdan keçərək təlimlərə cəlb olunub. Platformada, xüsusilə proqramlaşdırma, kiber təhlükəsizlik, süni intellekt, maşın öyrənməsi, data science və sair sahələrinə aid kurslar mövcuddur. Kursları bitirən iştirakçılar IBM loqosu ilə nişanlanmış sertifikat əldə edəcəklər. 
    Bütün bunlar Naxçıvan Dövlət Universitetində elmtutumlu layihələrin artırılmasına, ixtisaslı kadrların yetişdirilməsinə töhfə verəcək.
    Texnoparkın fəaliyyət istiqamətində universitetdə mühəndislik ixtisaslarında dərs deyən müəllimlərin təcrübi peşə vərdişlərinin formalaşmasında mühüm əhəmiyyət daşıyacaq.

Hüseyn Əsgərli 
Naxçıvan Dövlət Universitetinin İKT və Elektron Təhsil şöbəsinin müdiri 

Nəşr edilib : 29.08.2023 20:09