AZ EN RU

Naxçıvan Dövlət Universitetində “Heydər Əliyev mütərəqqi hüquqi islahatların banisi” mövzusunda elmi -praktiki konfrans keçirilib

Ali təhsil ocağının Beynəlxalq münasibətlər və hüquq fakültəsində Azərbaycan xalqının Ümumilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan elmi -praktiki konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə 2023-cü il Heydər Əliyev ili elan olunub. Bununla bağlı ali təhsil ocağında  müxtəlif səpgilərdə tədbirlər keçirilir.

“Azərbaycan dövlətçilik strategiyasında Heydər Əliyevin hühuqi islahatları” mövzusunda çıxış edən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət şöbəsinin rəis müavini əvəzi, kiçik ədliyyə müşaviri Ələkbər Hüseynov qeyd edib ki, "Dövlət - dövlətçiliyi qorumalıdır" fikrini dönə-dönə vurğulayan Heydər Əliyev çox qəti və prinsipial mövqedən çıxış edərək ciddi intizam, tələbkarlıq və dövlət mənafeyi kimi amilləri ön plana çəkib. Ölkədə geniş vüsət almış cinayətkarlığın bütün ünsürlərinə qarşı qəti mübarizə aparmaq üçün 1994-cü ildə imzaladığı xüsusi Fərman qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsində əsaslı dönüş yaradıb. Eyni zamanda, milli dövlətçiliyin inkişafında korrupsiyanın aradan qaldırılmasının əhəmiyyəti nəzərə alınaraq bu ümumbəşəri sosial bəla ilə mübarizəyə başlanılıb. Hüquq-mühafizə orqanları tərəfindən müvəffəqiyyətlə həyata keçirilən qəti tədbirlər nəticəsində cəmiyyətdə hökm sürən hərc-mərcliyə və özbaşınalığa birdəfəlik son qoyulub.

Naxçıvan Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının sədri, “Hüquq fənləri” kafedrasının müəllimi Əziz Qasımov “İnsan hüquqları ulu öndər Heydər Əliyevin banisi olduğu hüquqi islahatların prioritet istiqaməti kimi” adlı çıxışında bildirib ki, müstəqil Azərbaycan dövlətçiliyinin təməlini qoyan ümummilli liderimiz Heydər Əliyev həm də müstəqillik ideologiyasının banisi və müəllifidir. Bu zəngin nəzəri-siyasi irsin tərkibində milli müstəqillik, müasirlik və azərbaycançılıq ideologiyası mühüm yer tutur.

“Ailə dəyərlərinin formalaşmasında ulu öndər Heydər Əliyevin rolu” mövzusunda çıxış edən  Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti aktları bölməsinin baş məsləhətçisi, kiçik ədliyyə müşaviri Reyhan Sadiqova qeyd edib ki, cəmiyyətin inkişafı ailələrin inkişafından asılıdır. Bununla bağlı olaraq Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə ailənin möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində Azərbaycan mühüm beynəlxalq Konvensiyalara qoşulub və respublikamızda müvafiq qanunlar qəbul edilib.

Naxçıvan Dövlət Universitetinin “Hüquq fənləri” kafedrasının müəllimi Yunis Xəlilov “Ümumilli lider Heydər Əliyev Müstəqil Azərbaycan Konstitusiyasının memarı” mövzusunda çıxışında vurğulayıb ki, Ümummilli Liderimiz  Heydər Əliyevin göstərdiyi əvəzsiz səylər nəticəsində 1995-ci il noyabrın 12-də qəbul edilən Azərbaycan Konstitusiyası fundamental bir sənəd kimi demokratik inkişaf, hüquqi dövlətçilik və insan haqları sahəsində mütərəqqi dünya təcrübəsinin başlıca nailiyyətlərini özündə əks etdirir.

Tərlan İBRAHIMOVA

Jurnalistika ixtisası üzrə II kurs tələbəsi

Nəşr edilib : 11.04.2023 17:36