AZ EN RU

Naxçıvan Dövlət Universitetində görkəmli tarzən Zeynalabdin Babayevin solo konserti təqdim edilib

Naxçıvan Dövlət Universitetində Musiqi təlimi kafedrasının baş müəllimi, Azərbaycan Respublikasının Əməkdar artisti Zeynalabdin Babayevin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş solo konserti keçirilib.

Konsertin repertuarında Üzeyir Hacıbəyovun “Koroğlu” operasından rəqs, Rauf Hacıyevin “Sevgilim”, Vasif Adıgözəlovun “Layla”, Həsən Rzayevin “Çahargah” rapsodiyası, Yaşar Xəlilovun “Muğam dastanı”, Hacı Xanməmmədovun 2 saylı konserti, Azərbaycan xalq mahnılarına və Rast muğamından parçalara, eləcə də dünya klassik musiqi nümunələrinə yer verilib.

Maraqla qarşılanan konsert proqramından sonra universitetin rektoru Elbrus İsayev bildirib ki, müasir dövr tar ifaçılarının özünəməxsus xüsusiyyətlərinin formalaşması nəticəsində, həm milli alətin dünya musiqi alətləri ailəsinə inteqrasiyası mümkün olub, həm də dünya konsert səhnələrində böyük orkestrlərin müşayiəti ilə uğurlu solo konsert proqramları həyata keçirilir. Tarzən Zeynalabdin Babayevin xarici ölkə bəstəkarlarının əsərlərini uğurla ifa etməsi onun musiqi dünyagörüşünü və yeni ifaçılıq vərdişlərinin vəhdətini özündə ehtiva etmə bacarığından irəli gəlir.

İştirakçılar Əməkdar artist Zeynalabdin Babayevi təbrik edib, ona “Təşəkkürnamə” təqdim olunub.

Naxçıvan Dövlət Universitetinin

Media və ictimaiyyətlə əlaqələr bölməsi

Nəşr edilib : 20.12.2023 11:16