AZ EN RU

Naxçıvan Dövlət Universitetində elmi işlərin yekununa dair hesabat yığıncağı keçirilib

Əvvəlcə elmi əsərlərin sərgisi təşkil edilib. Universitetin Elmi Kitabxanasında təşkil edilən tədbirdə professor-müəllim heyətinin kitabları, impakt-faktorlu və yerli jurnallarda nəşr olunmuş məqalələri, xaricdə və respublikada keçirilmiş konfransların materialları, “Heydər Əliyev İli” münasibəti ilə Ümummilli Liderə həsr olunmuş əsərlər nümayiş etdirilib.

Sonra İncəsənət fakültəsində davam edən tədbirdə universitetin rektoru Elbrus İsayev 2023-cü ildə elmi fəaliyyət istiqaməti, qarşıya qoyulan hədəflər haqqında məlumat verdikdən sonra universitetin yekun elmi hesabatı dinlənilib.

Universitetin Elm və innovasiya məsələləri üzrə prorektoru Elsevər Əsədov 2023-cü ildəki elmi fəaliyyətin hədəfləri və nəticələri haqqında universitet Elmi şurası qarşısında geniş hesabat təqdim edib.

Qeyd olunub ki, hazırda universitetdə çalışan 527 nəfərlik akademik heyətin 211 nəfəri elmi dərəcəlidir ki, bunların 30 nəfərini elmlər doktoru, 181 nəfərini isə fəlsəfə doktorları təşkil edir. Elmi dərəcəli heyətin akademik heyətə nisbəti universitet üzrə 40,03% təşkil edir ki, burada əvvəlki illərlə müqayisədə müsbət artım dinamikası müşahidə olunmaqdadır. Elmi adlı heyət universitet üzrə 185 nəfərdən ibarət olub, bunların 23-ü professor, 162-si dosentlərdir.

Bildirilib ki, 2023-cü ildə universitet üzrə 30 konfrans keçirilib ki, bunların 8-i beynəlxalq, 15-i respublika səviyyəli və 7-si universitet daxili konfranslardır.

Sonda universitetin elm sahəsində 2024-cü ildə qarşıya qoyulan hədəfləri haqqında məlumat verilib. Elmi şuranın sonunda 2023-cü ildə elmi fəaliyyətə görə fərqlənən əməkdaşların mükafatlandırılma mərasimi keçirilib. Universitet Elmi şurasının qərarı ilə universitet əməkdaşları və doktorantlara nüfuzlu və impakt-faktorlu nəşrlərinə, elmmetrik bazalarda yüksək göstəricilərinə görə birdəfəlik mükafatlar verilib. “Akademik fəaliyyətin qiymətləndirilməsi mexanizminə görə” universitetin 50 əməkdaşı əməkhaqqlarına 1 il müddətində 10-25% məbləğində stimullaşdırıcı əlavələrlə mükafatlandırılıblar. Akademik heyətə, doktorantlara, magistrlərə və tələbələrə plaket və diplomlar təqdim olunub.

 

Nəşr edilib : 02.02.2024 10:29