AZ EN RU

Naxçıvan Dövlət Universitetində “Çağdaş Azərbaycan dilinin aktual problemləri” III respublika elmi konfransı keçirilib - FOTOLAR

“Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan onun dilidir”. Ulu Öndər Heydər Əliyevin bu dəyərli fikirləri Naxçıvan Dövlət Universitetində “Çağdaş Azərbaycan dilinin aktual problemləri” mövzusunda keçirilən III respublika elmi konfransında səsləndirilib. Konfransda  çıxış edən universitetin rektoru Elbrus İsayev qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı ardıcıl və uğurlu dövlət quruculuğu siyasətində ana dilinin qorunması və zənginləşdirilməsi məsələləri həmişə önəmli yer tutub. Bunu ölkə Prezidentinin Azərbaycan dili ilə bağlı silsilə sərəncam və fərmanları, eləcə də müxtəlif tədbirlərdəki çıxışları zamanı səsləndirdiyi qiymətli fikirlər sübut edir. Rektor ali təhsil ocağında artıq üçüncü ildir ki, keçirilən konfransın əhəmiyyətini vurğulayıb. Bildirilib ki, Prezident İlham Əliyevin "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanı Azərbaycan dövlət dilinin saflığının qorunması və işlək mexanizmlərinin təkmilləşdirilməsi baxımından universitetimizin  qarşısına daha məsuliyyətli vəzifələr qoyur. Elbrus İsayev konfransın işinə uğurlar arzulayıb gələcəkdə bu istiqamətdə müvafiq araşdırmalar aparılması üzrə tövsiyyələrini çatdırıb və konfransda çıxış edənlərə iştiraketmə vərəqəsi təqdim edib.
 “Professor Yusif Seyidovun elmi irsində yazıçı və dil problemi” mövzusunda çıxışında Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Əbülfəz Quliyev qeyd edib ki,  Azərbaycan dilçilik elminin böyük bir dövrü Yusif Seyidovun adı ilə bağlıdır. Bildirilib ki, dilimizdə qrammatik təhlilin bədii materiallar əsasında aparılması, söz birləşmələri ilk dəfə məhz bu görkəmli alim tərəfindən araşdırmaya cəlb olunub. Yazıcı və dil məsələsi isə Yusif Seyidovun yaradıcılığında böyük bir problem kimi qoyulub, görkəmli dilçi alim elmi fəaliyyətinin böyük bir hissəsini bu mövzuya həsr edib, bu problemin uğurlu şəkildə həllinə nail ola bilib.
Naxçıvan Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru Sədaqət Həsənova “Azərbaycan bədii dilinin özəllikləri (İ. Səfərlinin yaradıcılığı əsasında)” adlı çıxışında bildirib ki, unudulmaz şairimiz İslam Səfərli Azərbaycan torpağını, Azərbaycan təbiətini və Azərbaycan insanının duyğularını ən ürəyəyatan bir mahnı kimi təqdim edən söz sənətkarı olub. Diqqətə çatdırılıb ki, sözlərinə nəğmələr bəstələnən çoxsaylı şairlər olsa da əslində, İslam Səfərlinin şeirləri musiqi bəstələnmədən də gözəl bir nəğmə təsirindədir.
 
Sonra konfrans Naxçıvan Dövlət Universiteti, AMEA İ. Nəsimi adına Dilçilik İnstitutu, AMEA Ədəbiyyat İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti, AMEA Naxçıvan bölməsi, Naxçıvan Universiteti, Naxçıvan Müəllimlər İnstitutundan professor-müəllim heyəti, doktorant və dissertantların qatıldığı 4 bölmə iclası ilə işini davam etdirib. Qeyd edək ki, konfransda “Qrammatika” üzrə 7, “Leksikologiya və dialektologiya bölməsi” üzrə 17, “Üslubiyyat və nitq mədəniyyəti bölməsi”ndə 7, “Azərbaycan dilinin ümumi məsələləri bölməsi”ndə 15 olmaqla ümumilikdə 46 çıxış dinlənilib.

Səadət Əliyeva NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr

bölməsinin müdiri
 

Nəşr edilib : 30.03.2023 18:53