AZ EN RU

Naxçıvan Dövlət Universitetində Bilik günü qeyd edilib

Tədbiri giriş sözü ilə universitetin rektoru Elbrus İsayev açaraq professor-müəllim heyətini və tələbələri təbrik edib, yeni dərs ilində hər kəsə elmi nailiyyətlər arzu edib. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il 21 avqust tarixli Fərmanına əsasən sentyabrın 15-i ölkəmizdə “Bilik günü” kimi qeyd olunur. Rektor diqqətə çatdırıb ki, 2022-2023-ci tədris ili universitet tarixində bir çox uğurlarla yadda qaldı, yeni tədris ilində isə qarşıda daha böyük işlər dayanır.

Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda ali təhsil ocağının qarşıdakı mərhələlər üzrə perspektivləri müəyyən edilib. Dövlət Proqramında NDU ilə digər ölkələrin ali məktəbləri arasında əməkdaşlıqların güclənməsi, birgə proqramların təşkil olunması, həmçinin universitetlərdə yeni məzmunlu proqramların (SABAH, ingilisdilli tibb fakültəsi, tibbi tədqiqat klinikası və s.) tətbiqi üzrə layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Diqqətə çatdırılıb ki, Dövlət Proqramının səmərəli icrası nəticəsində artıq universitetin nəzdində ingilisdilli orta məktəb fəaliyyətə başlayıb. Bildirilib ki, məhz həmin Sərəncamla ali təhsil ocağına yüksək etimad göstərilib. Elbrus İsayev Azərbaycan təhsil tarixində ilklərə imza atan universitetın Dövlət Proqramının icrası istiqamətində mühüm töhfələr verəcəyini diqqətə çatdırıb.

Ali təhsil ocağının genişmiqyaslı imkanlarından söz açan rektor universitetin ölkə miqyasında bir neçə sahə üzrə model universitet olaraq dəyərləndirib. 

Rektor yaradılacaq tibb kampusu və ali təhsil ocağında müasir dövrün tələblərinə uyğun ixtisasların üstünlüklərindən danışıb. Vurğulanıb ki, yeni yaradılan ixtisasların fəaliyyəti onu deməyə əsas verir ki, bu ixtisasları bitirən tələbələrin universitetdə qurulan Texnoparkdagələcəkdə fəaliyyət göstərmələri üçün əsaslı zəmin yaranacaq. Universitetdə tədrisi ingilis dilində bakalavriat pilləsində Tibb,Kompüter mühəndisliyi, İqtisadiyyat, Beynəlxalq münasibətlər, magistratura üzrə İqtisadiyyatın tənzimlənməsi  ixtisasının üstünlüklərindənməlumat verən Elbrus İsayev diqqətə çatdırıb ki, artıq ali təhsil ocağında ingilis dilli ixtisasların sayı artırılır. Bu da universitetin beynəlxalq aləmdə nüfuzuna öz müsbət təsirini göstərir. Çıxışdaali təhsil ocağının beynəlxalq aləmdə qazandığı uğurlar da nəzərə çatdırılıb.

Sonra tələbələr adından yüksək bal toplayan tədrisi ingilis dilində olan Tibb ixtisası üzrə I kurs tələbəsi İnci Fərəcova, Kompüter mühəndisliyi ixtisası üzrə I kurs tələbəsi Aytac Əsgərova, valideynlər adından isə Ramiz Qasımov göstərilən diqqətə görə minnətdarlıq ediblər.

Daha sonra universitetin tanıtım videoçarxı nümayiş olunub.

Sonda universitetə yeni qəbul olan tələbələrin sualları cavablandırılıb, rektor onlara kitab hədiyyə edib.

Pərviz Hacılı

NDU-nun Tv, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin əməkdaşı

Nəşr edilib : 15.09.2023 18:05