AZ EN RU

Naxçıvan Dövlət Universitetində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Ali təhsil ocağında Beynəlxalq Müəllimlər gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə çıxış edən universitetin rektoru Elbrus İsayev professor-müəllim heyətini peşə bayramı münasibətilə təbrik edib, şərəfli və məsuliyyətli fəaliyyətlərində onlara uğurlar arzulayıb. Bildirilib ki, 1994-cü ildən həmin tarix UNESCO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilib. Bu tarix BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutub. Vurğulanıb ki, ümummili lider Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb. Rektorun sözlərinə görə, ölkəmizdə təhsilin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilməsinin nəticəsidir ki, son illərdə bu sahədə mühüm dövlət proqramları icra olunur və kompleks tədbirlər həyata keçirilir. Ölkəmiz bu gün dünyada özünün müasir təhsil infrastrukturu və təhsil ənənələri ilə seçilir. 
Elbrus İsayev 44 günlük Vətən müharibəsində şanlı zəfərin qazanılmasında Azərbaycan müəllimlərinin də yaxından iştirak etdiyini diqqətə çatdırıb. Vurğulanıb ki, o çətin günlərdə silaha sarılaraq əsl vətənpərvərlik nümunəsi göstərən, döyüş meydanındakı qəhrəmanlıqları ilə vətənpərvərlik dərsi keçən igidlərə tərbiyə verən məhz müəllimlər oldular.  
Universitetin Ümumi tarix kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru İsmayıl Zeynalov 56 illik pedaqoji təcrübəyə malik müəllim kimi öz təcrübələrini və xatirələrini bölüşüb.
Tədbirdə tələbələrin bədii qiraəti dinlənilib. Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Validə Hüseynovanın rəhbərliyi ilə “Belkanto” vokal qrupunun ifasında “Əziz müəllim” mahnısı səsləndirilib. Tədbirdə vətənpərvərlik mövzusunda mahnılar ifa edilib. 

Səadət Əliyeva NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri

Nəşr edilib : 05.10.2023 20:35