AZ EN RU

Naxçıvan Dövlət Universitetində Almaniyanın “Richard Volf” şirkətinin nümayəndələrinin və bir sıra tanınmış cərrahlarının iştirakı ilə konfrans keçirilib

    Azərbaycan Endoskopik Laparoskopik Cərrahlar Cəmiyyətinin sədri və üzvləri, Almaniyanın “Richard Wolf” şirkətininin regional direktoru və Azərbaycan Tibb Universitetinin Elmi-Tədqiqat Mərkəzinin direktoru, tanınmış cərrahları muxtar respublikamıza səfər ediblər. 
    Bilik günü təşkil edilən  səfər çərçivəsində  Azərbaycan Endoskopik Laparoskopik Cərrahlar Cəmiyyətinin sədri, tibb elmləri doktoru Müşviq Həsənov, Almaniyanın “Richard Volf” şirkətinin regional direktoru Stefan Baum, Bakı Sağlamlıq Mərkəzi Reproduktiv Mərkəzinin rəhbəri Öndər Tulumbacı, Azərbaycan Endoskopik Laparoskopik Cərrahlar Cəmiyyətinin baş katibi Aqil Ağakişiyev, invaziv radioloq İlyas Həsənov yeni tədris ilinin ilk dərs saatında Tibb fakültəsinin tələbələrinə bu elmin müxtəlif aktual mövzularına həsr olunmuş dərslər keçiblər.
    Səfər çərçivəsində qonaqlar əvvəlcə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsi ilə yaxından tanış olublar, daha sonra ali təhsil ocağının xəstəxanası barədə ətraflı məlumat öyrəniblər.
       Ali təhsil ocağında keçirilən görüşdə əvvəlcə şəhid olmuş qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
       Konfransı giriş sözü ilə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev açaraq ali təhsil ocağının müasir təlim-tədris imkanlarından danışıb. Bildirilib ki, Ali Məclis Sədrinin xüsusi diqqət və qayğısı ilə Tibb fakültəsində yaradılan müasir şərait nəzəri biliklərin təcrübədə tətbiqi, tanınmış cərrahlarla görüşlər, ustad dərslərin təşkil edilməsi,  muxtar respublikada ilk dəfə keçirilən Beynəlxalq Tibbi Forum kimi tədbirlərin təşkili tələbələrin gələcəkdə savadlı kadr kimi formalaşmasına geniş imkanlar açır. Nəticədə, fakültə məzunları ölkəmizin, eləcə də muxtar respublikamızın səhiyyə sisteminə layiqli töhfələr verirlər.

       Vurğulanıb ki, fakültə yarandığı dövrdən etibarən qardaş Türkiyə universitetləri ilə beynəlxalq əməkdaşlıq əlaqələri qurulub. Bu görüşün təşkil edilməsində də əsas məqsəd tələbələrimizin tanınmış cərrahlarımızdan zəngin bilik qazanmasıdır.
    Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov çıxış edərək diqqətə çatdırıb ki, muxtar respublikada əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Sevindirici haldır ki, ölkəmizdə fəaliyyət göstərən iki böyük ali təhsil ocağı tibb sahəsi üzrə peşəkar kadr formalaşdırır. Bu həm respublikamızda tibbin inkişafına təkan verir, həm də regionda bu sahəyə olan kadr ehtiyacının təmin olunmasında mühüm rol oynayır. Vurğulanıb ki, bunun nəticəsi olaraq bu gün dünyanın bir çox ölkələrində savadlı, bilikli həkimlərimiz, professorlarımız uğurla fəaliyyət göstərir və dünya tibb elminə mühüm töhfələr verirlər. Həmin savadlı həkimlərin iştirakı ilə tibb sahəsində təhsil alan gələcəyin mütəxəssislərinə Tibb ixtisasının incəliklərini çatdırmaq baxımından təşkil edilən ustad görüşlərin əhəmiyyəti də çox böyükdür.
    Tədbirdə Azərbaycan Tibb Universitetinin Elmi-Tədqiqat Mərkəzinin direktoru, professor, Əməkdar elm xadimi Qalib Qarayev çıxış edərək bildirib ki, hazırda respublikamızda tibb təhsili sahəsində gedən uğurlu inkişaf danılmaz bir həqiqətdir. Bu uğurlu təhsili respublikamızda həyata keçirən, əsasən, təhsil ocaqlarından biri kimi Naxçıvan Dövlət Universiteti böyük nüfuz qazanıb. Universitetin hazırladığı tibbi kadrlar indi yeni böyük tələbə ordusuna tibb təhsili verir və müasir tibbi kadrların hazırlanması yolunda böyük xidmətlər göstərirlər. Savadlı gənc kadrların hazırlanmasında ölkə rəhbərinin və dövlətimizin böyük qayğı göstərməsi mühüm rol oynayır.
    Almaniyanın “Richard Volf” şirkətinin regional direktoru Stefan Baum çıxış edərək ali təhsil ocağında tibb sahəsi üzrə yaradılacaq Təlim-Tədris Mərkəzi və quraşdırılacaq  avadanlıqlar haqqında məlumat verib. 
    Qonaqlar səfər çərçivəsində yeni tədris ilindən fəaliyyətə başlayan Naxçıvan Şəhər Kimya Biologiya Təmayüllü Lisey ilə də tanış olublar. Yeni lisey muxtar respublikada kimya və biologiya fənləri üzrə şagirdlərin bilik və bacarıqlarını inkişaf etdirəcək, ixtisaslı və peşəkar kadr hazırlayacaq təhsil ocağı kimi qonaqlarda maraq doğurub. 
    Nümayəndə heyəti səfər müddətində Naxçıvan Tibb Kollecində yaradılan müasir tədris şəraiti ilə tanış olub, Naxçıvan Muxtar Respublika Xəstəxanasının laboratoriyasına, Radiologiya, Travmatologiya, Reabilitasiya şöbələrinə, Hidroterapiya, Fizioterapiya, Naftalan bölmələrinə, maqnit terapiyası otağına, müalicə idman zalına və digər otaqlara baxıb, şöbə və bölmələrin fəaliyyətləri ilə maraqlanıb, ətraflı məlumat əldə ediblər. Duzdağ Fizioterapiya Mərkəzi və “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi ilə tanışlıq qonaqlarda muxtar respublikanın dini və səhiyyə turizmi barədə dolğun təəssürat yaradıb. 

Xəbərlər şöbəsi

Nəşr edilib : 15.09.2022 21:17