AZ EN RU

Naxçıvan Dövlət Universitetində “9 noyabr - Dövlət Bayrağı Günü”nə həsr edilən tədbir keçirilib

Tədbirdə torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olan igidlərin  əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.  
Ali təhsil ocağının rektoru Elbrus İsayev qeyd edib ki, 17 noyabr 2009-cu ildə Prezident İlham Əliyev hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı günü kimi qeyd olunacağı haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq, indiki dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib ki,  həmin fakt nəzərə alınaraq hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd olunur. Bildirilib ki, Azərbaycan bayrağı ilk dəfə  ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə  Naxçıvanda dalğalanıb. Elbrus İsayev dövlət bayrağının respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin  binaları üzərində ucaldığını, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirdiyini diqqətə çatdırıb.
“Üçrəngli bayrağımız müstəqilliyimizin simvoludur” mövzusunda çıxış edən Beynəlxalq münasibətlər kafedrasının müdiri, dosent  Şamxal Məmmədov Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması haqqında” 2007-ci il 17 noyabr tarixli Sərəncamına əsasən Dövlət bayrağının dövlət rəmzləri sırasında xüsusi yeri olduğunu vurğulayıb. Azərbaycan Respublikasının bayrağı, gerbi və himninin dövlətin müstəqilliyini təcəssüm etdirən rəmzlər olduğu diqqətə çatdırılıb. 
Sonra universitetin İncəsənət fakültəsinin tələbələrinin iştirakı ilə Tələbə teatr studiyasının hazırladığı “Vətən göylərinin sönməz işığı” adlı tamaşa-kompozisiya izlənilib. Tamaşada Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsinin şəhidi Xudayar Yusifzadənin döyüşlərdən iki gün öncə “Vətən yaxşıdır” təsnifini oxuyarkən döyüş yoldaşları ilə özünü videoya alması səhnəsinin canlandırılması izləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb.
 Sonda  “9 noyabr - Dövlət Bayrağı Günü”nə həsr olunan film nümayiş olunub. 


Nəzrin Ələsgərova 
Jurnalistika ixtisası üzrə II kurs tələbəsi

 

Nəşr edilib : 09.11.2022 11:56