AZ EN RU

Naxçıvan Dövlət Universitetində 8 mart Beynəlxalq Qadınlar Günü qeyd edilib

Tədbirdən öncə əlamətdar tarixi günə həsr olunan sərgiyə baxış olub. Sərgidə 4 ədəd vitraj, 6 ədəd dekorativ, 9 ədəd bədii tikmə və rəngkarlıq nümunələri olmaqla ümumilikdə 51 əl işi nümayiş olunub.

“Azərbaycan qadınları cəmiyyətin aparıcı qüvvəsidir” deyən universitetin rektoru Elbrus İsayev  qeyd edib ki, Ümummilli Lider  Heydər Əliyev ölkəmizə rəhbərliyinin hər iki dövründə qadın amilinə yüksək dəyər verib, onların hüquqlarının müdafiəsi, problemlərinin həlli, dövlət idarəçiliyi sistemində təmsil olunması, cəmiyyətdəki mövqeyinin möhkəmləndirilməsi istiqamətində məqsədyönlü və ardıcıl tədbirlər həyata keçirilib. Bildirilib ki, bu gün ulu öndərin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən dövlət qadın siyasəti daha geniş müstəvidə həyata keçirilir.

Rektor eyni zamanda, Vətən müharibəsində bizə qalibiyyət sevincini yaşadan igid oğulları qeyrətli Azərbaycan qadınının tərbiyə etdiyini vurğulayaraq onlara ehtiramını dilə gətirib. Elbrus İsayev əlamətdar gün münasibətilə universitetin qadın əməkdaşlarını təbrik edib və işlərində uğurlar arzulayıb.

Qadınlar adından çıxış edən Naxçıvan Dövlət Universitetinin Biologiya kafedrasının dosenti, pedaqogika elmləri doktoru Zərövşən Babayeva yaradılan şəraitə və xanımlara göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.

Tədbir İncəsənət fakültəsinin Xalq çalğı alətləri kafedrasının “Buta” instrumental ansamblının  konsert proqramı ilə davam edib.

Sonra Aktyor sənəti ixtisasının tələbələri rejissoru Azər Cəfərli olan, “Ağıllı fikirləşənədək…” adlı pantomim tamaşa nümayiş edilib.

Qeyd edək ki, Beynəlxalq Qadınlar Günü münasibətilə universitetin bütün qadın əməkdaşlarına pul mükafatı verilib.

Naxçıvan Dövlət Universitetinin Media və

 ictimaiyyətlə əlaqələr bölməsi

Nəşr edilib : 07.03.2024 17:11