AZ EN RU

Naxçıvan Dövlət Universitetində 31 Mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr edilən tədbir keçirilib

Əvvəlcə universitetin İncəsənət fakültəsində 30-a yaxın rəsm əsərinin nümayiş olunduğu sərgiyə  baxış olub. Fakültənin Təsviri incəsənət müəllimliyi ixtisası üzrə təhsil alan tələbələrinin çəkdikləri rəsmlərdə soyqırım qurbanlarının yaşadığı dəhşətli faciə öz əksini tapıb.
Sonra fakültənin akt zalında davam edən tədbirdə soyqırımı qurbanlarının və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Universitetin rektoru Elbrus İsayev qeyd edib ki, 1998-ci il martın 26-da Ümummilli Lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman erməni millətçilərinin cinayətkar əməllərinə verilən dolğun və hərtərəfli siyasi qiymət olub. Fərmanda ermənilərin Azərbaycan xalqının başına gətirdiyi müsibətlər dünyaya bəyan edilərək bu qanlı əməllərə düzgün siyasi qiymət verilib. Vurğulanıb ki, bu tarixi sənəd Azərbaycanın indiki və gələcək nəsillərinin milli yaddaşının qorunması baxımından da fundamental bir proqramdır. Rektor Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti və  şanlı ordumuzun rəşadəti ilə 44 günlük Vətən Müharibəsində qazandığımız qələbəni düşmənə verilən layiqli dərs kimi dəyərləndirib. 
Elbrus İsayev gənc nəsli soyqırımı qurbanlarının, hər iki Qarabağ müharibəsi şəhidlərinin xatirəsini daim əziz tutmağa və  tarix boyu bədnam qonşularımızın başımıza gətirdikləri faciələrdən ibrət almağa çağırıb.
Tədbir Tələbə Teatr Studiyası və “Belkanto” vokal qrupunun birgə hazırladığı bədii kompozisiya ilə davam edib.

Məmmədbağır Dünyamalıyev

Nəşr edilib : 30.03.2024 17:00