AZ EN RU

Naxçıvan Dövlət Universitetində 31 mart Azərbaycanlıların Soyqırımı Günü qeyd edilib

Naxçıvan Dövlət Universitetində 31 Mart Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə əvvəlcə soyqırımı qurbanlarının və Vətənimiz uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ali təhsil müəssisəsinin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov qeyd edib ki, 1918-ci il 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımı törədiblər. Rəsmi mənbələrə əsasən, soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb.

Diqqətə çatdırılıb ki, 1998-ci il martın 26-da Ümummilli Lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərman erməni millətçilərinin cinayətkar əməllərinə verilən dolğun və hərtərəfli siyasi qiymət olub. Erməni vəhşiliyinin dünyaya təqdim olunması istiqamətində ardıcıl və məqsədyönlü işlər görüldüyünü xatırladan prorektor dövlət başçısı İlham Əliyevin “Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında” 2009-cu il 30 dekabr tarixli Sərəncamını bu istiqamətdə atılan mühüm addım kimi dəyərləndirib.Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuzun Vətən müharibəsindəki şanlı zəfərindən də söhbət açan Rafiq Rəhimov gələcəyimiz olan gənclərin hər zaman vətənpərvər ruhda yetişməsindən qürur duyduğunu deyib. Eyni zamanda müasir informasiya texnologiyalarının imkanlarından istifadə edərək əsl həqiqətləri beynəlxalq aləmə çatdırmaq baxımından Azərbaycan gənclərinin üzərinə mühüm vəzifələr düşdüyü bildirilib. 

Azərbaycan tarixi kafedrasının müdiri, tarix üzrə elmlər doktoru Xəzər Hüseynov “31 mart-tarixi yaddaşımızdan silinməyən soyqırım” adlı çıxışında tarixi faktları qeyd edərək bildirib ki, XX əsrin əvvəllərində ermənilər ilk dəfə Azərbaycanın tarixi torpaqlarında yerli əhalini sıxışdırıb çıxarmağa başlayıb. Bu məqsədlə ermənilərin Azərbaycanda fəaliyyət göstərən terror təşkilatları 1905-ci ildə Bakıda, İrəvanda, Zəngəzurda, Qarabağda və digər yerlərdə kütləvi qırğınlar törədilib.

Tarix müəllimliyi ixtisasının III kurs tələbəsi Laləzar Muradova erməni vandalizmi-Naxçıvanda törədilmiş soyqırımlar haqqında danışıb.

Sonda soyqırım hadisələrini əks etdirən sənədli film nümayiş olunub.

Naxçıvan Dövlət Universitetində Televiziya,

mətbuat və ictimaiyyətlə əlaqələr bölməsi

Nəşr edilib : 30.03.2023 12:36