AZ EN RU

Naxçıvan Dövlət Universitetində 22 iyul – Milli Mətbuat Günü qeyd edilib

    Ali təhsil müəssisəsində Azərbaycan milli mətbuatının yaranmasının 148-ci illiyi münasibətilə tədbir keçirilib. 
    Universitetin rektoru Elbrus İsayev ölkəmizdə söz, fikir və mətbuat azadlığının təmin edilməsində ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindən danışıb. Rektor universitetin Media Mərkəzində tələbələrin peşəkar jurnalist kimi yetişməsi, nəzəri biliklərin praktik tətbiqinə nail olunması üçün yaradılan şəraitdən bəhs edib, ali təhsil  ocağında təşkil edilən tədbirlərin işıqlandırılması, muxtar respublika və ölkə mediasına çatdırılması istiqamətində mərkəzin fəaliyyətini yüksək qiymətləndirib və universitetin elektron təhsil şəbəkəsinin idarə olunmasında universitet televiziyasının xüsusi əməyi olduğunu diqqətə çatdırıb. 
    Naxçıvan Muxtar Respublikasında Jurnalistika ixtisası üzrə kadr hazırlığından danışan Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosenti Şəhla Şirəliyeva bildirib ki, milli mətbuatımızın yaradıcısı Həsən bəy Zərdabidən başlayaraq, günümüzə qədər böyük qələm ustaları milli təfəkkürün inkişafı üçün misilsiz xidmətlər göstərərək xalqımızın maariflənməsinə və tərəqqisinə böyük töhfələr veriblər. Vurğulanıb ki, muxtar respublikamızda mətbuata göstərilən hərtərəfli qayğının tərkib hissəsi kimi, ali təhsil ocağında da milli və müasir jurnalistika ənənələri formalaşaraq inkişaf edib. 
    Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri Səadət Əliyeva ali təhsil ocağının Media Mərkəzinin fəaliyyətindən danışıb, jurnalist-tələbələrin peşəkar kadr kimi formalaşmasında mərkəzin özünəməxsus xidmətlərini qeyd edib. 
    Vurğulanıb ki, Universitet televiziyasının, “Nuhçıxan” radiosunun, Media Mərkəzinin yaradılması universitetin elmi, sosial və mədəni həyatı üçün mühüm əhəmiyyət kəsb edir.
    “Qeyrət” nəşriyyatının direktoru Əli Həşimov universitet nəşriyyatının fəaliyyətindən söz açıb. Nəşriyyatın ən müasir poliqrafiya avadanlıqları ilə təchiz olunmuş mükəmməl mətbəəsi olduğunu diqqətə çatdıran direktor monoqrafiyalar, dərsliklər, dərs vəsaitləri və metodik vəsaitlərin burada nəşr edildiyini, həmçinin  “Elmi əsərlər” jurnalı, habelə elmi konfransların materiallarının da  “Qeyrət” nəşriyyatında çap olunduğunu bildirib.


Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və

ictimaiyyətlə əlaqələr bölməsi

Nəşr edilib : 21.07.2023 21:18