AZ EN RU

Naxçıvan Dövlət Universitetində “2023-cü il – Heydər Əliyev İli” çərçivəsində 200-dən çox tədbir keçirilib

Naxçıvan Dövlət Universitetində “2023-cü il Heydər Əliyev İli”nin yekunlarına dair hesabat tədbiri keçirilib. Tədbirdə çıxış edən universitetin rektoru Elbrus İsayev Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə universitetdə təsdiqlənmiş tədbirlər planının uğurla həyata keçirildiyini bildirib.

Rektor universitetin müxtəlif strukturları, tələbə təşkilatları və əməkdaşları tərəfindən nüfuzlu beynəlxalq konfransları, aktual mözvulara həsr olunan elmi müzakirələri, kitab təqdimatı və idman yarışlarını, müsabiqələri, olimpiadaları, 800 nəfərin iştirak etdiyi flaşmobu və müxtəlif layihələri əhatə edən ümumilikdə, 200-dən çox tədbirin keçirildiyini diqqətə çatdırıb.

Elbrus İsayev vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 2002-ci il 12 iyun tarixli Sərəncamı ilə Naxçıvan Dövlət Universitetinə yüksək özünüidarə statusu, muxtariyyət hüququ verilib. Ümummilli Lider Heydər Əliyev müxtəlif vaxtlarda 1974, 1992-ci ildə iki dəfə və 1999-cu ildə olmaqla, ümumilikdə, 4 dəfə Naxçıvan Dövlət Universitetində olub, muxtar respublikada ali təhsilin inkişafı naminə xidmətlər göstərib.

Vurğulanıb ki, yubiley ilində universitetin “Yeni fikir” qəzetinin Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif sahələri üzrə araşdırmaları ilə zəngin olan xüsusi buraxılışı dərc olunub. Rektor qeyd edib ki, universitetin 3 tələbəsi Ulu Öndərin adına təsis edilən təqaüdə layiq görülüb.

Elbrus İsayev Qərbi Azərbaycana qayıdış festival-konqresi, universitetin İncəsənət fakültəsi və Musiqi Kollecinin birgə ərsəyə gətiridiyi simfonik orkestrin Bakıda və Türkiyədə uğurlu konsert proqramıyla çıxış etməsini yubiley ilinə ən mühüm töhfə olaraq dəyərləndirib.

Yeni Azərbaycan Partiyası Universitet Ərazi Partiya Təşkilatının sədri, universitetin sosial və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Arzu Abdullayev Tədbirlər Planının icrası istiqamətində görülən işləri statistik rəqəmlərlə və slaydlarla təqdim edib.

Rektor keçirilən tədbirlərdə xüsusi fəallıq nümayiş etdirən əməkdaşları təbrik edib, Ulu Öndərin tükənməz irsinin, misilsiz xidmətlərinin, ideyalarının və dövlətçilik ənənələrinin araşdırılmasının və təbliğinin nəinki yubiley ilində, fəaliyyətin bütün dövrlərində davam etdiriləcəyini vurğulayıb.

Naxçıvan Dövlət Universitetinin Media və

ictimaiyyətlə əlaqələr bölməsi

Nəşr edilib : 25.01.2024 17:04