AZ EN RU

Naxçıvan Dövlət Universitetində “20 Yanvar – Azərbaycanın qürur və qəhrəmanlıq tarixi” adlı tədbir keçirilib

Tədbirdə əvvəlcə şəhidlərin əziz ruhu bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Ali təhsil müəssisəsinin rektoru Elbrus İsayev çıxış edərək bildirib ki, 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiyməti Ümummilli Lider Heydər Əliyev verib: “Ulu Öndər deyirdi ki, 20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnəkdir. Azərbaycanın bugünkü nəsli də, gələcək nəsilləri də bu şəhidlərin qəhrəmanlığından nümunə götürəcəklər”.

Rektor vurğulayıb ki, milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar günü xalqımızın öz azadlığı, suverenliyi uğrunda apardığı mübarizə tarixinin şərəfli bir səhifəsidir. 20 Yanvar hadisələrinin təhlili onu göstərdi ki, məkrli qüvvələrin Azərbaycan xalqının əzmini qırmağa yönəlmiş soyqırım hərəkətləri xalqımızın mübarizliyini daha da möhkəmləndirdi.

Hüquq bölməsinin müdiri, Hüquq fənləri kafedrasının baş müəllimi İsmayıl Qəribli məruzə ilə çıxış edib.

Sonra Azərbaycanın Əməkdar mədəniyyət işçisi Gülxarə Əhmədovanın bədii rəhbəri və rejissoru olduğu, Tələbə Teatr Studiyasının hazırladığı “Şəhidlər məmləkətin, xalqın qan yaddaşıdır” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub.

Qeyd edək ki, həmin gün ali təhsil ocağında ilk dərslər 20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr edilib.

Naxçıvan Dövlət Universitetinin Media və

ictimaiyyətlə əlaqələr bölməsi

Nəşr edilib : 19.01.2024 17:56