AZ EN RU

Naxçıvan Dövlət Universitetində 2 fevral – Gənclər Günü qeyd olunub

Ali təhsil müəssiəsində 2 fevral – Gənclər Günü münasibətilə universitetin tələbə və gənc əməkdaşları ilə çay masası ətrafında görüş keçirilib. Tədbirdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev 2 fevral gününün Gənclər Günü kimi elan olunmasının xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırıb.

Elbrus İsayev ötən gün Naxçıvan Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının ən ali mükafatı olan “Ağ çinar” mükafatına layiq görülməsini və bu mükafata layiq görülən ilk və tək təşkilat kimi tarixə düşməsini ali təhsil müəssisəsinin Gənclər Gününə ən böyük töhfələrindən biri kimi dəyərləndirib.

Rektor bütün Azərbaycan gəncliyini Gənclər Günü münasibətilə təbrik edib, onlara təhsil və iş həyatında uğurlar arzulayıb.

Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Hüseyn İmanov və Tələbə Elmi Cəmiyyətinin sədri Təbrizə Bağırova çıxışları zamanı bu əlamətdar gün münasibətilə gəncləri təbrik edərək, ötən il ərzində tələbə təşkilatlarının əldə etdiyi nailiyyətlərdən danışıblar.

Sonra tədbir gənclərin təbrik çıxışları ilə davam edib.

Sonda, 2023-cü ildə Naxçıvan Dövlət Universitetinin ictimai həyatında fəal iştirakına görə fərqlənən gənclər və tələbə təşkilatları diplom və təşəkkürnamə ilə təltif olunublar.

Naxçıvan Dövlət Universitetinin Media və

ictimaiyyətlə əlaqələr bölməsi

Nəşr edilib : 02.02.2024 16:33