AZ EN RU

Naxçıvan Dövlət Universitetində 19 May – Atatürkü Anma, Gənclik və İdman Bayramı qeyd olunub

Bu münasibətlə universitetdə keçirilən tədbir şəhidlərin əziz xatirəsinin yad edilməsi, Azərbaycan və Türkiyə  Respublikalarının Dövlət Himnlərinin səsləndirilməsi ilə başlayıb.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxış edərək müdrik şəxsiyyət Mustafa Kamal Atatürkün böyük tarixi xidmətlərindən danışıb.

Rektor Atatürkün işğala, zülmə boyun əyməyərək böyük türk millətini milli istiqlal və azadlıq mübarizəsi ruhunda birləşdirdiyini, Anadolunun azad edilməsinə rəhbərlik etdiyini deyib. Türklərin düşmən işğalına son qoymasından və cümhuriyyətin qurulmasında türk xalqının göstərdiyi şücaətdən bəhs edib.

Azərbaycan ilə Türkiyə arasında mehriban qardaşlıq münasibətlərindən danışan rektor Ümummilli Lider Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” kəlamını xatırladıb.

Atatürkün müstəqil yaşamaq iradəsinin məzlum xalqların azadlıq və istiqlal mübarizələrinə nümunə olduğunu bildirən rektor əlavə edib ki, Qazi Mustafa Kamal Atatürk ülvi hissləri ilə millətinə bağlı, istiqlal, müdafiə və sevgini hər şeydən üstün tutan bənzərsiz bir dövlət xadimidir.

Ölkələrimiz arasında olan qardaşlıq münasibətlərindən, Türkiyə universitetləri ilə yaradılan beynəlxalq əməkdaşlıq əlaqələrindən danışan Elbrus İsayev universitetdə qardaş ölkənin professor-müəllim heyətinin müxtəlif fakültələr üzrə keçdikləri dərslər barədə məlumat verib.

Tədbirdə Türkiyə Respublikasının Naxçıvan Muxtar Respublikasındakı baş konsulu Asip Kaya çıxışında Türkiyə Cümhuriyyətinin yaranmasında və möhkəmlənməsində görkəmli şəxsiyyət Mustafa Kamal Atatürkün müstəsna rolundan bəhs edib.

Konsul vurğulayıb ki, Mustafa Kamal Atatürk çətin və mürəkkəb vəziyyətdə xalqı səfərbər edərək milli mübarizəyə başlayıb. Heç bir beynəlxalq gücün hegemonluğunu qəbul etməyən, yalnız xalqın iradəsinə, gücünə, mətinliyinə, fədakarlığına, qəhrəmanlığına arxalanan Mustafa Kamal Atatürk bu mübarizəni qələbə ilə başa çatdırıb.

Konsul çıxışında ölkələrarası münasibətlərin inkişafından, təhsil sahəsində qurulan əməkdaşlıqdan son dərəcə məmnun olduğunu bildirib.

Türkiyə-Azərbaycan qardaşlığının əbədi olduğunu xatırladan natiq əlamətdar gün münasibətilə tədbirin təşkilinə görə minnətdarlığını bildirib və iştirakçıları təbrik edib.

Tədbir tələbələrin hazırladığı maraqlı konsert proqramı ilə davam edib.

Nəşr edilib : 16.05.2024 17:55