AZ EN RU

Naxçıvan Dövlət Universiteti və Türk Ağsaqqalları İctimai Birliyi-TAİB-in birgə təşkilatçılığı ilə “Türk dünyasına açılan Şərq qapısı: NAXÇIVAN 100” adlı konfrans keçirilib

Konfransdan öncə qonaqlar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin heykəlinin önünə gül dəstələri qoyub hörmət və ehtiramlarını ifadə ediblər. Heydər Əliyev Muzeyi ilə tanışlıq zamanı qonaqlara görkəmli dövlət xadiminin şərəfli ömür yolunu əks etdirən fotoşəkillər, onun uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər, xatirə əşyaları və digər dəyərli eksponatlar barədə ətraflı məlumat verilib.

Konfransda çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev  ölkə başçısı cənab İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” 30 dekabr 2023-cü il tarixli Sərəncamını muxtar respublika tarixində əlamətdar hadisə kimi qiymətləndirib. Rektor sivilizasiyanın beşiyi sayılan Naxçıvanın ölkəmizin tarixində, eləcə də ictimai-siyasi, elmi-mədəni həyatında rolunu xüsusilə qeyd edib. Elbrus İsayev tarixin ən

çətin sınaqları ilə üzbəüz duran Naxçıvanın yüksəlişində və tərəqqiyə qovuşmasında Ulu Öndərin müstəsna xidmətlərindən danışıb. 44 günlük haqq savaşında, Tarixi Qələbənin qazanılmasında Naxçıvanın qəhrəman övladlarının böyük şücaət və qəhrəmanlığı diqqətə çatdırılıb.

TAİB-in sədri, YAP Veteranlar Şurasının üzvü, akademik Sudeyf İmamverdiyev qeyd edib ki, xalqın qüdrəti onun bütün məqamlarda özünü təsdiq edən bir liderinin olması ilə ölçülür.

Akademik Ümummilli Lider Heydər Əliyevin Naxçıvanda hakimiyyət dövrünə nəzər salaraq, muxtariyyət dövrünün inkişafını tarixi faktlarla diqqətə çatdırıb.

Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Musa Qasımlı “Azərbaycanın ərazi bütövlüyünün qorunmasında və dövlət müstəqilliyinin bərpasında Naxçıvanın yeri: tarixi hadisələrin müqayisəli təhlili” mövzusunda çıxış edib.

“3 oktyabr 2009-cu il tarixinin Türk dünyası üçün önəmi: Naxçıvan Bəyannaməsi” mövzusunda çıxış edən AMEA-nın Türk xalqlarının etnologiyası şöbəsinin müdiri, tarix elmləri doktoru, türkoloq Güllü Yoloğlu türk dünyası üçün əlamətdar tarixə malik bir günün təməlinin məhz Naxçıvanda qoyulması barədə fikirlərinə aydınlıq gətirib. Türkoloq Güllü Yoloğlu gətirdiyi kitabları universitetin rektoru Elbrus İsayevə təqdim edib.

Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasının dosenti, tarix elmləri doktoru Emin Şıxəliyevin, Naxçıvanın statusu ilə bağlı beynəlxalq müqavilələrin tarixi əhəmiyyəti mövzusunda universitetin Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Elçin Zamanovun Naxçıvanın müasir beynəlxalq arenada yeri və rolu mövzusunda çıxışları dinlənilib.

XX yüzilliyin əvvəllərində Azərbaycan–Türkiyə münasibətlərində və böyük dövlətlərin siyasətində Naxçıvan Türk Ağsaqqallar Birliyi-TAİB-in 2023-cü il Heydər Əliyev ilindəki fəaliyyətini əks etdirən videoxülasə nümayiş olunub.

Tədbir universitetin İncəsənət fakültəsinin hazırladığı konsert proqramı ilə davam edib.

Sonra akademik Sudeyf İmamverdiyev Tibb fakültəsində, professor Musa Qasımlı Beynəlxalq münasibətlər və Hüquq fakültəsində, iqtisadçı ekspert Şahin Həsənov İqtisadiyyat və idarəetmə fakültəsində, Tarix elmləri doktoru Güllü Yoloğlu və Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı Magistratura və doktorantura mərkəzində müəllim və tələbələrlə görüş keçiriblər.

Səadət ƏLİYEVA

Media və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri

Nəşr edilib : 21.02.2024 16:56