AZ EN RU

Naxçıvan Dövlət Universiteti və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb

İkitərəfli görüşdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun baş direktoru Arif Həşimovu salamlayıb. Ali təhsil ocağının fəaliyyəti, buradakı mövcud təhsil və tədris prosesi, elmi fəaliyyəti haqqında danışan rektor təhsil sahəsində həyata keçirilən layihələr, ali təhsilin strateji istiqamətləri barədə məlumat verib. 

Elbrus İsayev vurğulayıb ki, elmi tədqiqatların aparılmasında tədqiqat institutlarının imkanları və təcrübəsi daha böyükdür. Bu məqsədlə təhsil sistemi ilə elmi-tədqiqat institutlarının əlaqələrinin genişləndirilməsi olduqca önəmlidir. 

Rektor universitetin bir sıra institutlarla əlaqələrinin genişlənməsi nəticəsində elm və təhsil sahəsində inteqrasiyanın mümkün olduğunu, kadrlar arasında mübadilənin daha effektiv reallaşdığını söyləyib.

Universitetdə elmi işlərə hər zaman önəm verildiyini vurğulayan rektor, Fizika İnstitutu ilə əməkdaşlığın hər iki tərəf üçün xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun baş direktoru Arif Həşimov Naxçıvan Dövlət Universiteti kimi nüfuzlu ali məktəblə əməkdaşlıq etməkdən çox şad olduğunu bildirib və iki tərəf arasında imzalanacaq əməkdaşlıq memorandumunun Azərbaycan elminə böyük töhfə verəcəyinə inandığını deyib.

Əməkdaşlığın verəcəyi perspektivlər, gələcək fəaliyyət istiqamətləri barədə müzakirələr aparılıb. Qeyd edək ki, memorandumda fizika ve texniki elm sahələrinin qarşılıqlı maraq doğuran istiqamətlərində innovativ elmi-tədqiqat və kadr hazırlığına peşəkar dəstəyin göstərilməsi, Naxçıvan Dövlət Universitetinin tələbə-müəllim, magistr və doktorantlarının tədqiqat aparmaq məqsədilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Fizika İnstitutuna ezam olunması, fizikanın aktual məsələ və problemlərinin həllinə dair birgə tədqiqatların aparılması, elmi-tədqiqat və kadr hazırlığı sahəsində Naxçıvan Dövlət Universiteti və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun maddi-texniki bazasından və kadr potensialından birgə istifadə, elmi-periodik nəşrlərin mübadiləsi, professor-müəllim heyətinin, elmi işçilərin şöbə və elmi-tədqiqat laboratoriyalarında elmi-tədqiqat təcrübələrinin aparılmasının, yeni tədqiqat laboratoriyalarının birgə layihələndirilməsi və qurulması işinin təşkili kimi maddələr öz əksini tapıb

Sonra hər iki tərəf arasında əməkdaşlıq memorandumu imzalanıb.

Sonda rektor Elbrus İsayev Fizika İnstitutunun baş direktoru Arif Həşimova hədiyyələr təqdim edib.

Nəşr edilib : 05.06.2024 18:05